Rusiyalı turistlərin səyahət seçimləri ilə bağlı maraqlı statistika açıqlanıb. Apardıqları araşdırmalar göstərir ki, rusiyalı səyyahlar böyük gözləntilərlə üz tutduqları Avropa şəhərlərindən daha çox, qonşu ölkələrdəki istirahətlərindən razı qalırlar.
Rusiyanın iri şəhərlərində yaşayan 1200-dən çox şəxs arasında keçirilən sorğu turistlərin ən çox məmnun qaldığı və məyus olduğu istiqamətləri üzə çıxarıb.
Qonşular siyahıda liderdir
Rəyi soruşulanların 33 faizi Ermənistan, Gürcüstan və Belarusa etdikləri səfərlərin onların gözləntilərini tam şəkildə qarşıladığını, hətta gözlədiklərindən də yaxşı keçdiyini vurğulayıb. Ölkə daxili turizm isə 24 faizlik göstərici ilə ikinci sırada qərarlaşıb — respondentlər Rusiya daxilindəki gəzintilərin daha təsirici olduğunu qeyd ediblər.
Üçüncü yeri 18 faizlə Asiya istiqaməti tutub. Çin, Yaponiya, Tailand və Cənubi Koreyaya yollanan rusiyalılar bu səfərlərdən razı ayrıldıqlarını bildiriblər.
Avropa məyus etdi, Ermənistana axın artdı
Siyahının en ən təəccüblü məqamı Avropa İttifaqı ölkələri ilə bağlıdır. Respondentlərin böyük əksəriyyəti — 61 faizi Aİ ölkələrinə səyahətin onlar üçün gözlənilən effekti vermədiyini və məyusluq yaratdığını etiraf edib.
Bu fonda Ermənistana üz tutan rusiyalı turistlərin sayında nəzərəçarpan artım müşahidə olunur. Cari ilin yanvar-iyul aylarında qonşu ölkəyə gələn xarici qonaqların sayında 6 faizlik artım qeydə alınıb ki, onların da təxminən 40 faizi Rusiya vətəndaşlarıdır. Ötən illə müqayisədə Rusiyadan bu ölkəyə gedənlərin sayı 38 min nəfərdən çox artaraq 491,4 minə çatıb.
News365.az