İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanı general-mayor Əhməd Vahidi İran silahlı qüvvələrini altı aylıq "misilsiz cihad" fəaliyyətinə görə tərifləyib və onların "dünya tarixinin ən ağır silahlanmış ordusunu" diz çökdürdüyünü iddia edib.
News365.az-ın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, Rəbiüləvvəl ayının başlanması münasibətilə yazılı müraciət yayımlayan Vahidi SEPAH, ordu, hüquq-mühafizə orqanları, "Bəsic", qəbilə qüvvələri və "İmam əz-Zamanın naməlum əsgərləri"nin son dərəcə ağır şəraitdə göstərdiyi fəaliyyəti yüksək qiymətləndirib.
Döyüş şəraiti və "Tarixi qələbə" iddiaları
Vahidi müraciətində qüvvələrin fədakarlığını belə təsvir edib:
“Siz Uca Allaha təvəkkül edərək, adaların və cənub sahıllərinin qovurucu istisində, rütubətində, eləcə də şimalın göylərə ucalan sərhəd yüksəkliklərinin soyuğunda — ən çətin şəraitdə zəfər döyüşlərinə girdiniz. Ağır atəş altında həyata keçirdiyiniz uğurlu hücum və müdafiə əməliyyatları ilə dünya tarixinin ən ağır silahlanmış ordusunu diz çökdürdünüz”.
SEPAH komandanı döyüşçülərin "bəşəriyyətin ən qanlı düşmənlərinə" qarşı apardığı mübarizəni "parlaq cihad" adlandırıb və bu addımların məzlumlar arasında "müstəmləkəçilər üzərində son qələbə" ümidini yenidən alovlandırdığını vurğulayıb.
Sədr İslami döyüşlər və Səddamla müharibə ilə müqayisə
Əhməd Vahidi İran qüvvələrinin fəaliyyətini İraqla səkkiz illik müharibə (İranda rəsmi olaraq "Müqəddəs Müdafiə" adlanır) və Məhəmməd Peyğəmbər dövrünün tarixi döyüşləri ilə müqayisə edib:
“Əhli-beytə təvəssül edərək və fədakarlığın ən gözəl nümunələrini yaradaraq, səkkiz illik Müqəddəs Müdafiənin parlaq dastanlarını yeni formalarda təkrarladınız, Məhəmməd Peyğəmbərin Bədr və Xeybər döyüşlərinin xatirəsini yenidən canlandırdınız”.
O, həmçinin Ayətullah Seyid Müctəba Xameneinin "müdrik komandanlığı" altında innovativ döyüş idarəçiliyi nümayiş etdirildiyini və bununla "İslamın dünyaya hakim ola biləcəyinin" sübut edildiyini iddia edib.
Mülki dəstək və regional gözləntilər
İran xalqına da təşəkkür edən Vahidi, cəmiyyətin bir gün belə meydanı boş buraxmadığını qeyd edib. O, regiondakı münaqişələrin, xüsusilə Fələstin və Livan xalqının çəkdiyi əzabların tezliklə başa çatacağına ümid etdiyini bildirib.
Müraciətinin sonunda Vahidi hərbçiləri və onların ailələrini Rəbiüləvvəl ayının gəlişi münasibətilə təbrik edib və döyüşdə iştirak edənlərə ilahi mükafatlar diləyib.