Pakistan təhlükəsizlik qüvvələri ölkənin cənub-qərb bölgəsində yerləşən Bəlucistan əyalətində keçirilən xüsusi kəşfiyyat əməliyyatı zamanı 7 terrorçunu zərərsizləşdirib.
Yerli təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, əməliyyat terrorçuların olduğu barədə daxil olan kəşfiyyat məlumatları əsasında Xaran dairəsinin Laca bölgəsində həyata keçirilib.
Əməliyyat nəticəsində terrorçuların sığınacaqları darmadağın edilib. Məkanlardan müasir silah-sursat, hərbi təchizat, həmçinin 2 avtomobil və 1 motosiklet ələ keçirilib.
Məhv edilən şəxslərin Xaran və ətraf ərazilərdə soyğunçuluq, qanunsuz pul tələb etmə, adam oğurluğu, hədəfli qətllər və intiharçı hücumlarının planlaşdırılmasında iştirak etdikləri bildirilir.
Hadisə ilə bağlı açıqlama verən Daxili İşlər naziri Möhsün Naqvi terrorla mübarizədə xalqın həmrəy və qətiyyətli olduğunu vurğulayıb. Nazir bəyan edib ki, kəşfiyyat əsaslı xüsusi əməliyyatlar "sonuncu terrorçu məhv edilənədək" fasiləsiz davam etdiriləcək.
News365.az