Çinin Yaxın Şərqdə iqtisadi maraqlarını siyasi və diplomatik təsirlə tamamlamaq cəhdləri davam edir. Pekin Xarici Dillər Universitetində bu payızda kürd dili bölməsinin açılması da regionda yeni geosiyasi istiqamətin formalaşması baxımından diqqət çəkir. Politoloq Turan Rzayev hesab edir ki, bu addımı yalnız akademik qərar kimi qiymətləndirmək düzgün deyil.
News365.az xəbər verir ki, politoloq Turan Rzayev Çin Xalq Respublikasının İraqın Ərbil şəhərindəki Baş konsulu Liu Junun Pekin Xarici Dillər Universitetində kürd dili bölməsinin açılacağını bildirməsini şərh edib.

Politoloq bildirib ki, söhbət Yaxın Şərqin mürəkkəb siyasi aktorlarından biri olan kürdlərdən getdiyinə görə, Pekinin bu addımına daha geniş geosiyasi prizmadan yanaşmaq lazımdır:
“Bu addım ilk baxışda sıradan akademik qərar təsiri bağışlaya bilər. Ancaq söhbət məhz Yaxın Şərqin ən mürəkkəb siyasi aktorlarından biri olan kürdlərdən gedirsə, bu addımı yalnız dil tədrisi çərçivəsində qiymətləndirmək olmaz.
Ümumiyyətlə, Çin son illərdə Yaxın Şərqdə iqtisadi maraqlarını siyasi və diplomatik təsirlə tamamlamağa çalışır. Kürdlər Yaxın Şərqdə sadəcə böyük etnik qruplardan biri deyil. Onların yaşadığı coğrafiya İran, İraq, Suriya və Türkiyəni bir-birinə bağlayan son dərəcə həssas xətt üzərində yerləşir. Bu səbəbdən kürd məsələsi istənilən böyük güc üçün təhlükəsizlik, enerji, sərhəd və regional güc balansı məsələsidir.
Məsələn, ABŞ-ın İraq və Suriyada kürd qüvvələri ilə qurduğu münasibətlər buna yaxşı nümunədir. Vaşinqton kürd faktorunun üstünlüklərindən sözün əsl mənasında istifadə edir. Xüsusilə İran məsələsində kürdlərin coğrafi mövqeyi Tehranın daim diqqətdə saxladığı amillərdən biridir. ABŞ-İran qarşıdurması başladığı gündən Vaşinqton kürdləri prosesə daxil etməyə çalışır.
Əslində, bu detal çox mühümdür. Çünki Pekin İranla strateji münasibətlər qurub, bu ölkədən enerji və nəqliyyat baxımından istifadə edir. Yəni Tehranın ABŞ qarşısında tamamilə zəifləməsində Pekin maraqlı deyil.
Çin üçün İran həm də ABŞ-ın Yaxın Şərqdəki təsirini balanslaşdıra bilən mühüm tərəfdaşlardan biridir. Belə vəziyyətdə Vaşinqtonun kürd faktorundan İrana qarşı istifadə imkanlarının genişlənməsi Pekinin maraqları baxımından arzuolunan ssenari deyil.
Çinin davranışı ABŞ-dan fərqli ola bilər. Vaşinqton uzun müddət hərbi və təhlükəsizlik əməkdaşlığı üzərindən kürd strukturları ilə əlaqələr qurubsa, Pekinin daha səssiz və uzunmüddətli üsula üstünlük verməsi mümkündür. Dil öyrənmək, cəmiyyətin daxilini araşdırmaq, regionu bilən kadrlar yetişdirmək, akademik və mədəni əlaqələr yaratmaq və s. – bunların hamısı gələcək siyasi münasibətlər üçün ilkin baza rolunu oynayır.
ABŞ və Qərbin müəyyən dövrlərdə göstərdiyi siyasi və hərbi dəstəyə rəğmən kürdlər bu günə qədər müstəqil dövlət yarada bilməyiblər. Pekinin kürdlərə yaxınlaşması üçün ideoloji və geosiyasi zəmin də mövcuddur. Xüsusilə PKK və ona yaxın çevrələrdə uzun illərdir formalaşmış sol yönümlü siyasi düşüncə Çin üçün müəyyən ideoloji mühit yaradır.
Özü də kürdlərin siyasi tarixində belə dəyişikliklərə nümunələr var. Bir dövrdə SSRİ-yə yaxın olan kürd siyasi qüvvələri sonrakı mərhələdə ABŞ-la əməkdaşlığa keçdi. Gələcək perspektivdə ABŞ-ın yerini Çin ala bilər.
Çin və ABŞ arasındakı rəqabət genişləndikcə bu versiyanın reallaşması ehtimalı da artır. Çin kürdlərlə münasibətləri gücləndirməklə həm regiondakı mövqelərini möhkəmləndirə, həm də ABŞ-ın istifadə etdiyi geosiyasi alətlərdən birini balanslaşdıra bilər.
Fikrimcə, hazırkı mərhələdə Pekinin əsas məqsədi kürdləri ABŞ-dan tamamilə uzaqlaşdırmaqdan daha çox, onların Vaşinqtonun regional siyasətində istifadə edilə biləcək alətə çevrilməsinin qarşısını almaqdır”.