Qarşıma dinlər əleyhinə təbliğat aparan bir səhifə çıxdı. Müəyyən ayələri kontekstdən çıxarıb bəzən də manipulyasiya edərək guya Quranda ziddiyyətlər varmış kimi təqdim etmişdilər. Aşağıdakı ayələri də nümunə gətirib birində dünyanın oyun-əyləncə olduğu, digərində isə oyun-əyləncə olmadığı qeyd olunduğunu bu "ziddiyyət"ə misal çəkmişdilər.
"Biz göyü, yeri və onların arasında olanları əyləncə üçün yaratmamışıq." (Ənbiya - 16)
"Bu dünya həyatı əyləncə və oyundan başqa bir şey deyildir. Axirət yurdu isə əsl həyatdır. Kaş ki, biləydilər! "(Ənkəbut 64)
Mövzunu çox uzatmadan lakonik şəkildə qeyd edə bilərik ki, "Ənbiya" surəsi, 16-cı ayədə yer və göyün fiziki mənada yaradılışından söhbət gedir ki, Allah kainatı, planetləri, mövcudatı əbəs və hədər yerə, oyun-oyuncaq qismində xəlq etmədiyini izah edir.
Lakin "Ənkəbut" surəsi, 64-cü ayədə isə fiziki xilqətdən yox, "dünya həyatı"ndan bəhs olunur. O həyat ki, böyük qismi insanın öz ixtiyarı və azadlığı ilə formalaşır. Planetin, dağın, daşın oyuncaq olması başqadır, bu nəsnələrin üzərindəki həyatın, yaşamın oyuncaq adlanması tam başqa. Odur ki, Allah birincinin oyuncaq olmadığını, ikincinin isə oyuncaq olduğunu bəyan edir. Yəni, "Ənbiya" surəsinə görə oyun - oyuncaq qismində yaradılmayan yerin üstündə, göyün altında sanki oyun-oyuncaq həyatı yaşayan insanlar bilsin ki, əsl həyat axirət yurdudur...