Siqaret qədər zərərlidir, insanı daxildən çürüdür: Hər gün etdiyimiz bu səhvə SON qoyun!

Siqaret qədər zərərlidir, insanı daxildən çürüdür: Hər gün etdiyimiz bu səhvə SON qoyun!
11:42

Hər gün qəbul etdiyimiz şəkərli və qazlı içkilər orqanizmimizi daxildən məhv edir, hüceyrələri sürətlə qocaldır. Sən demə, gündəlik cəmi bir stəkan şəkərli qazlı içki içmək siqaret çəkməklə eyni dərəcədə zərərlidir və insan ömrünü 4-5 il qısaldır.

Bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov News365.az-a özəl açıqlamasında bildirib.

Şəkərin dərimizə vurduğu zərbə: Fruktoza qocalmanı 7 dəfə sürətləndirir!

Həkimin sözlərinə görə, şəkərin bədənimizə mənfi təsiri təkcə daxili orqanlarla məhdudlaşmır, həm də birbaşa dəridə özünü büruzə verir. Tibbdə buna qlikasiya prosesi deyilir:

"Qanda normadan artıq olan şəkər kollagen və elastin zülallarına bağlanaraq onları sərtləşdirir. Nəticədə dəri elastikliyini itirir, rəngi solur və vaxtından əvvəl dərin qırışlar yaranır. Ən təhlükəlisi isə budur ki, meyvə şirələrində və bəzi şirinləşdiricilərdə bol olan fruktoza bu dağıdıcı prosesi adi şəkərlə müqayisədə düz 7 dəfə daha sürətli icra edir. Yəni şəkər bizi həm daxildən, həm də xaricdən sürətlə qocaldır".

"Gündə 40 qramdan çox şəkər qəbul edənlərdə iltihab riski yarıbayarı artır"

Mütəxəssis vurğulayır ki, əlavə şəkər qəbulu bədəndəki gizli iltihab ocaqlarını alovlandırır:

"Artıq şəkər qanda iltihab göstəricilərini, xüsusilə də yüksək həssaslıqlı C-reaktiv zülalın (hs-CRP) səviyyəsini kəskin artırır. Araşdırmalar sübut edir ki, gündəlik norması 40 qramı keçən şəxslərdə iltihab riski 50%-dən çox yüksəlir.

Burada bir məqamı fərqləndirmək lazımdır: təbii meyvələrin tərkibindəki şəkər təhlükəli deyil, onları rahatlıqla yemək olar. Lakin hazır meyvə şirələrinin və şəkərli içkilərin qəbulu mütləq şəkildə məhdudlaşdırılmalıdır".

Gənc qalmağın sirri aptekdə deyil, mətbəxdədir!

Emin Məmmədov uzunömürlülüyün və gənc qalmağın əsas şərtlərindən birinin də bol su içmək olduğunu qeyd edib. Susuzluq orqanizmin bioloji qocalmasını sürətləndirən ən böyük amillərdəndir.

Ekspertin News365.az oxucularına son məsləhəti isə olduqca sadədir:

"Sağlam qocalmaq üçün bahalı dərmanlara və ya mürəkkəb üsullara ehtiyac yoxdur. Əlavə şəkəri rasiondan çıxarmaq, vitamin balansını qorumaq, gündəlik hərəkətdə olmaq və kifayət qədər su içmək kifayətdir. Gəncliyin sirri apteklərdə deyil, bizim gündəlik həyat tərzimizdə gizlənir".

News365.az


Sizin reklam burada
Sizin reklam burada