Rusiya ilə Qərb arasında qarşıdurmanın fonunda Londondan səslənən təhlükəsizlik xəbərdarlıqları yenidən diqqətləri Moskvanın mümkün hərbi addımlarına yönəldib. Britaniyanın Ukraynaya verdiyi dəstəyin Rusiyanın reaksiyasını sərtləşdirə biləcəyi ilə bağlı narahatlıqlar fonunda ölkədə fövqəladə vəziyyət planlarına yenidən baxılır.
News365.az xəbər verir ki, Britaniya tərəfi mümkün elektrik və təchizat fasilələrinə hazırlıq məqsədilə əhaliyə evdə ən azı üç günlük içməli su, uzun müddət saxlanıla bilən ərzaq və zəruri tələbat malları saxlamağı tövsiyə edib. Eyni zamanda Britaniya sularında Rusiya hərbi gəmiləri və sualtı qayıqlarının fəaliyyəti, həmçinin enerji xətləri və fiber-optik kabellərə qarşı mümkün sabotaj və kiberhücum riskləri daha ciddi nəzarətdə saxlanılır.
Hökumətin böhran və müharibə şəraitində fəaliyyətini müəyyənləşdirən mülki-hərbi planların da yeniləndiyi bildirilir. Daxili Müdafiə Proqramı çərçivəsində bəzi strateji hədəflərin icra müddətinin 2035-ci ildən 2030-cu ilə çəkilməsi isə təhlükəsizlik gündəliyinin nə qədər ciddiləşdiyini göstərir.
Məsələ ilə bağlı Bakıvaxtı.az-ın suallarını cavablandıran politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Rusiyanın Böyük Britaniyaya birbaşa hərbi zərbə endirməsi real ssenari deyil.
Politoloqun fikrincə, bunun əsas səbəbi Britaniyanın həm nüvə dövlət, həm də NATO üzvü olmasıdır. O, Moskvanın Ukraynaya qarşı hərbi əməliyyatlarla NATO ölkəsinə qarşı birbaşa hücumu eyni müstəvidə qiymətləndirmədiyini bildirib.
“Kreml bunu edə bilməz. Çünki Britaniya nüvə dövlətidir və NATO-nun üzvüdür. Rusiya köməksiz, tənha Ukraynaya hücum edə bilər. Amma NATO ölkəsi olan Britaniyaya hücum etməyə Moskvanın cəsarəti çatmaz. Bu zaman Rusiyaya qarşı daha böyük güclər işə düşə bilər”, - deyə Zərdüşt Əlizadə bildirib.
Onun sözlərinə görə, Rusiyanın texniki baxımdan Britaniyaya raket zərbəsi endirmək imkanları olsa da, belə bir addımın siyasi və hərbi nəticələri tamam fərqli ola bilər.
“Düzdür, şimal qonşumuz Britaniyaya 3-4 raket ata bilər. Bunu etmək asan işdir, amma onun arxasında dayanmaq çətindir. Kremlin ağlı varsa, bunu etməz”, - deyə politoloq əlavə edib.