Türkiyədə mənzil bazarı ilə bağlı yeni hesabat açıqlanıb. Ölkə üzrə orta mənzil satış qiyməti 5 milyon 212 min 875 türk lirəsinə yüksəlib.
News365.azın əldə etdiyi məlumata görə, hesabatda Türkiyə üzrə mənzillərin orta kvadratmetr satış qiymətinin 41 min 703 lirə olduğu bildirilib.
Məlumata görə, son bir il ərzində mənzillərin kvadratmetr qiyməti nominal ifadədə 23,3 faiz artıb. Lakin inflyasiya nəzərə alındıqda, real illik dəyişiklik mənfi 6,6 faiz təşkil edib.
Bu göstəricilər mənzil qiymətlərinin türk lirəsi ilə artmaqda davam etdiyini, lakin artım tempinin inflyasiyadan geri qaldığını göstərir.
İyul ayında mənzil qiymətləri artıb
Hesabata əsasən, iyul ayında mənzillərin kvadratmetr qiyməti əvvəlki ayla müqayisədə nominal olaraq 1,9 faiz, real ifadədə isə 0,5 faiz yüksəlib.
İyun ayında aylıq real dəyişiklik -0,2 faiz olduğu halda, iyulda bu göstəricinin 0,5 faizə yüksəlməsi mənzil bazarında real qiymət dinamikasında məhdud yaxşılaşmanın olduğunu göstərib.
Bununla belə, ekspertlər hesab edirlər ki, yalnız bir aylıq və nisbətən məhdud artım əsasında mənzil qiymətlərində davamlı real bahalaşma tendensiyasının başladığını söyləmək hələ tezdir.
Beləliklə, Türkiyədə mənzil qiymətləri nominal olaraq yüksəlsə də, inflyasiya nəzərə alındıqda daşınmaz əmlakın real dəyərində əvvəlki illə müqayisədə azalma müşahidə olunur.