Politoloq Qabil Hüseynli "Şərurli İsfəndiyar" kimi tanınan iş adamı İsfəndiyar Axundovla bağlı qalmaqallı açıqlamalar verib. O, açıqlamasında "Şərurlu İsfəndiyar" çox hiyləgər adamdır" ifadəsini işlədib..
News365.az xəbər verir ki, "Şərurlu İsfəndiyar"ın da Qabil Hüseynliyə cavabı çox gecikməyib:
"Qabil müəllimi tanıyanlar bilir ki, bəzi insanlar onun nüfuzundan istifadə edərək öz şəxsi maraqlarını irəli çəkmək və şəxsiyyətlərini yenidən formalaşdırmaq istəyirlər. Ona demək istəyirəm ki, bu günə qədər müxtəlif şirkətlər tərəfindən aldadılmış 3.000 nəfəri mən evlə təmin etmişəm. Qabil müəllim isə tək bir şirkətin aldatdığı insanları mənim adıma yazmasın. Əgər lazım olsa, onun üçün ipoteka da çıxara bilərəm.
Onun təhsili də, savadı da məndən artıq deyil. Mən bu gün Azərbaycanda 3.000 nəfəri, Türkiyədə 5-6 nəfəri, Rusiyada isə bir neçə nəfəri işlə təmin etmişəm. Bəs o, beş nəfər qoyunu belə idarə edə bilərmi? On nəfər adamı idarə edə bilərmi? Onun ağlını sorğulamaq istəyirəm: görəsən nə dərəcədədir? Məncə, ağlı elə 10 manatlıq dərəcədədir.
Boş-boş danışmaq bir şeydir, amma düzgünlük başqa şeydir. Mən isə düz danışmaqla yanaşı, dediklərimi həyata keçirmək istəyirəm. Dövlət də, rəhbərlik də məni tanıyır və bilir ki, mən nə iş görürəm. İnsanlar isə Qabil müəllim kimi adamların yalanlarına onsuz da inanmır. Çünki mən işimi vicdanla görən insanlarla birlikdə çalışmışam".
"İnsan gərək vicdanla danışsın. Ola bilsin ki, Qabil müəllim mənə qarşı haqsızlıq etdiyini anlayıb, səhvini düzəltməlidir. Əvvəlcə öyrənmək, sonra isə internetdə danışmaq lazımdır. Yoxsa məni tanıyıb, sonra özünü tanıtmağa çalışmaq düzgün deyil.
Bəli, məni tanıyırlar, Trampı da tanıyırlar. Mən elə bir söz deməliyəm ki, oxuyan çox olsun? Tiktokdan məşhur olmaq bir şeydir, amma bu, həyat tərzi deyil. Həyat mübarizədir. Yaxşı işləmək, yaxşı yaşamaq, layiqli həyat qurmaq hər bir insanın haqqıdır və bunu bacarmaq lazımdır.
Amma bəzi insanlar təkcə Tiktoka göz dikiblər. Bəzi jurnalistlər mənə suallar verir, amma onların məqsədi sadəcə adımı yazıb oxucu toplamaqdır. Mən isə onları qınamıram, çünki bu gün insanlar maddi çətinlik içindədir, dolanmaq üçün müxtəlif yollar axtarırlar. Əgər Tiktokdan qazanc əldə edirlərsə, halal xoşları olsun.
Mənim üçün maraqlı olan odur ki, məni Amerika kimi böyük bir dövlətin prezidenti ilə müqayisə edirlər. Amma onu da düzgün etmirlər. Dünyanı idarə edən, həqiqətən də gücə sahib olan insanlardan danışanda hər şeyi olduğu kimi demək lazımdır" deyə o bildirib.