Oruc tutanların oruc tutmayan yaxud tuta bilməyənləri ayıblaması günahdır. Hərənin bir dərdi var. Nə bilirsən niyə tuta bilmir? Bəlkə evində sahur etməyə yeməyi yuxdur. Bəlkə heç kəsə demədiyi bir xəstəliyi var? Bəyəm maraqlanmısan?
Fateh Sultan Məhəmməd ona görə deyirmiş ki, insanlara dinin, məzhəbin nədir? Namaz qılırsanmı, oruc tutursanmı? - kimi sullar verməyin. Ac deyilsən ki? Nəyə ehtiyacın var? Bir dərdin varmı? Qalmağa yerin varmı? - deyə soruşub qayğısına qalın,
diqqət göstərin...
Ömrü boyu fasiqlik edib, ara qatıb, xainlik edən, indi oruc tutan (o da arıqlamaq üçün) bəziləri o yer qalmır ki, özünü reklam etməsin. "O tutduğum oruc haqqı" deyə - deyə min cürə fırıldaqçılıq edib indi də Allahın dinini "maşenniklik"lərinə alət etməyə cəhd edirlər.
Heç bir oruc tutmayana, tuta bilməyənə rişğənd etmək olmaz. Allah onun dərdini, xəstəliyini sənə verər, peşman olarsan. Həzrət Muhəmməd (s) buyurur ki, insan başqasını ayıbladığı ayıbı işləmədikcə ölməz.
İbadət reklam edilməz. Allahla bəndə arasındadır. Bəlkə özünü oruclu aparıb daldada basıb yeyirsən? Yemək yemirsən, bəlkə haq yeyirsən? Onu səndən soruşan var? Yox.
Bəzən müxtəlif səbəblərə, üzrlərə görə oruc tuta bilməyənlər məyus və məhzun halda yazırlar, soruşurlar. Hətta biri dedi ki, mədəmdə yara var, ölsəm də tutacam, hamı məni qınayır. Ölsəm günahdırmı?
Görün nadan və cahil adamlar insanları nə qədər azdırır, yanıldır. Din zülm etmək deyil, zülmdən xilas etməkdir. Gücü yetən, bacaran oruc tutmalıdır. Səfər bir çox problemlərin yanında o qədər də çətin və məşəqqətli deyil. Ələlxüsus da indiki zamanda. Amma səfər zamanı oruc tutmamaq buyurulur.
"Tutduğum oruc haqqı"- deyə qulağımızı yağır edənlərdən biri hətta bayramda yazmışdı ki, "Bütün oruc tutanların bayramı mübarək olsun." Gör xislətə bax, kinə bax! Yəni, tutmayanların bayramı mübarək olmasın?..
Ona görə deyirəm ki, əvvəl insan olmaq, sonra müsəlman olmaq lazımdır. Çünki İslam insanlar üçün vacib edilib. Quranda xitab insanlaradır, insanlığı olanlaradır...
Guya oruc tutur, onu da başqalarına qarşı nifrət, qərəz, kin əlaməti olaraq istifadə edir.
Orucun mahiyyətini anlamayanlara ancaq pəhriz saxlamaq qalar. Qəlbin oruc olmasa qarnın oruc olmağının heç bir faydası yoxdur.
Tural Irfan, ilahiyyatçı yazar