“Avropa ölkələri Ukraynanın indiki vəziyyətinin günahkarıdır” Aytən Qurbanova

“Avropa ölkələri Ukraynanın indiki vəziyyətinin  günahkarıdır” Aytən Qurbanova
03 Mar 2025 16:53

“Trampın Rusiya-Ukrayna müharibəsi ilə bağlı qeyri-adekvat mövqeyi kifayət qədər fikir ayrılıqları olan Avropa ölkələri arasında əsas birləşdirici amilə çevrilib.”

Politoloq Aytən Qurbanova bunu News365.az-a açıqlamasında deyib.

”Xüsusilə də, ABŞ-nin Avropanı danışıqlar prosesindən uzaqlaşdıraraq Rusiya ilə birbaşa müzakirələrə başlaması və eləcə də, Ukrayna prezidenti Volodimir Zelenskiyə Ağ Ev rəhbərliyi tərəfindən nümayiş olunan aqressiv və qeyri-etik münasibət bu istiqamətdə əsas təsiredici faktor oldu. Ümumilikdə prosesə nəzər yetirdikdə isə müharibənin ilk günündən eyni mövqedən çıxış edən “kollektiv Qərbin” ziddiyyətli maraqlarının artıq açıq şəkildə bəyan edilməsi Ukraynanın acınacaqlı taleyinin onun iştirakı olmadan həll edildiyini bir daha sübut etmiş olur. Düşünürəm ki, Avropa ölkələri Ukraynanı dəstəklədiklərini ifadə etsələr də, onun indiki vəziyyətinin əsas günahkarlarından biri də məhz onlardır. Çünki Rusiyaya qarşı ilk gündən sona qədər sərt və qətiyyətli mövqe nümayiş etdirilərək həmrəylik göstərilsəydi, müharibə bu qədər uzun müddət davam etməzdi. Eləcə də, aydın şəkildə görünür ki, indiki məqamda Ukraynadan başqa heç bir tərəf müharibənin davam etməsini istəmir. Çünki tərəflərin əsas hədəfi Ukraynanın ərazi bütövlüyünün bərpa edilməsi deyil, Ukraynanın “əlverişli şərtlərlə” bölüşdürülməsidir. Eyni zamanda, Ukraynanın təbii sərvətlərinin mənimsənilməsi yolu ilə müharibə xərclərinjn geri qaytarılması hədəflənir. Nəticə etibarilə, ABŞ və Avropa arasında Ukrayna məsələsinə dair yaranmış ziddiyyətlər mövqelərin fərqliliyindən daha çox maraqların toqquşması olaraq ifadə edilə bilər. İşğal olunan Ukraynanın taleyi onlar üçün əsas prioritet deyil.“-deyə politoloq bildirib.


Sizin reklam burada
Sizin reklam burada