Politoloq İlyas Hüseynov News365.az-a Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ-a səfəri və sabiq prezident Donald Trampla görüşünü şərh edib. Onun sözlərinə görə, bu görüş bütün dünyada, xüsusilə də Avropada geniş müzakirə olunur və uzun illər siyasi gündəmin əsas mövzularından biri olacaq.
"Hazırda müxtəlif dövlətlər bu görüşün nəticələrini qiymətləndirir, öz təhlükəsizlik tədbirlərini gücləndirir və müdafiə xərclərini artırmağı zəruri hesab edirlər" – deyə İlyas Hüseynov bildirib.
Politoloq qeyd edib ki, bu görüşün Cənubi Qafqaz regionuna da təsiri qaçılmazdır. Onun fikrincə, əgər Donald Tramp Rusiya-Ukrayna müharibəsini dayandıraraq iqtisadi inkişafı ön plana çəkmək istəyirsə, Azərbaycan artıq uzun müddətdir ki, iqtisadi əməkdaşlığın sülhə töhfə verdiyini nümayiş etdirir. Xüsusilə, Zəngəzur dəhlizinin açılması, Orta Dəhliz və Şimal-Cənub nəqliyyat dəhlizlərinin regional əməkdaşlığı gücləndirməsi bu strategiyanın tərkib hissəsidir.
Eyni zamanda, İlyas Hüseynov Azərbaycanın beynəlxalq sülh və təhlükəsizlik məsələlərinə verdiyi töhfələri vurğulayıb. Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsinin nəticələri və sonrakı lokal antiterror tədbirləri Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini göstərir.
"Azərbaycanla Rusiya arasında strateji və müttəfiqlik münasibətləri mövcuddur. Üç il əvvəl imzalanmış sənəd bu əlaqələrin lokomotivi rolunu oynayır. Siyasi, iqtisadi, hərbi, enerji, nəqliyyat, elm, təhsil və humanitar sahələrdə əməkdaşlıq daha da inkişaf edir" – deyə o əlavə edib.
Politoloq yekunda bildirib ki, Azərbaycan yeni dünya nizamına hazırdır və beynəlxalq münasibətlərdə yaranan yeni trendlərə uyğun siyasət yürüdür. O vurğulayıb ki, ölkəmiz iqtisadiyyat, ticarət və tərəfdaşlıq əlaqələrini inkişaf etdirməklə qlobal təhlükəsizlik sisteminə töhfə verməyə davam edəcək.