"ABŞ və Avropa İttifaqı arasında Ukrayna məsələsində ciddi mövqe fərqi var və bu, onların qarşılıqlı münasibətlərinə də təsirsiz ötüşmür. Ümumiyyətlə, Donald Tramp administrasiyasının Avropaya yanaşması kifayət qədər sərtdir. Söhbət təkcə Ukrayna məsələsindən getmir. Tramp hesab edir ki, Avropa İttifaqı ABŞ şirkətlərinə qarşı ədalətsiz davranır. Avropa İttifaqındakı bürokratik əngəllər və tənzimləmə mexanizmləri Amerikan biznesi üçün ciddi maneələr yaradır."
Politoloq Sultan Zahidov bunu News365.az-a açıqlamasında deyib.
"Buna görə də, Tramp administrasiyası ABŞ-ın Avropa İttifaqına qarşı gömrük rüsumları tətbiq etməsini təklif edib. Bu, əslində, ABŞ və Avropa İttifaqı arasında bir növ ticarət müharibəsi kimi qiymətləndirilə bilər və iqtisadi sahədə mövcud problemlərin gərginliyə səbəb olduğunu göstərir. Siyasi məsələlərdə də onlar arasında fikir ayrılığı var, xüsusilə Ukrayna mövzusunda bu, özünü daha qabarıq göstərir.
Tramp Ukraynada qısa zamanda atəşkəs əldə etməyə çalışaraq diqqətini digər istiqamətlərə – əsasən Çin və İrana yönəltmək istəyir. Avropa İttifaqı üçün isə Ukraynanın təhlükəsizliyi həyati əhəmiyyət daşıyır. Onlar düşünürlər ki, Rusiyanın Ukraynada qələbə qazanması növbəti hədəf kimi Avropanı təhlükə altına ala bilər. Buna görə də, Avropa hər vəchlə Ukraynanın ayaqda qalmasına çalışır.
Dünən Londonda keçirilən Samitin nəticələri də bunu təsdiqləyir. Həmin Samitdə Avropa liderləri Ukraynaya davamlı dəstək göstərmək barədə qərar qəbul etdilər. Bu da o deməkdir ki, müharibə hələ uzun müddət davam edə bilər. Əgər bu ssenari baş verərsə, Ukraynanın vəziyyəti çətinləşəcək, çünki ABŞ-ın dəstəyi olmadan Rusiya cəbhədə irəliləyə bilər. Bununla belə, Avropa daha çox hərbi texnika və maliyyə yardımı ayırmağa çalışacaq ki, bu da müharibənin uzanmasına səbəb ola bilər.
Bu vəziyyət isə Avropa iqtisadiyyatına mənfi təsir göstərəcək. Müharibə uzandıqca Rusiya daha güclü mövqeyə sahib ola bilər, ABŞ isə uzaqdan müşahidə edərək öz maraqlarına uyğun addımlar atacaq. Beləliklə, Vaşinqtonun diqqəti artıq başqa məsələlərə yönəlmiş olacaq."