Xırdalan şəhər 5 saylı tam orta məktəbdə istilik problemi valideynlərin narazılığına səbəb olub. Onların sözlərinə görə, məktəbin əsasən 5-ci mərtəbəsində sinif otaqlarına istilik verilmir. Bu səbəbdən bəzi valideynlər övladlarını dərsə göndərmir, məktəbə gedən şagirdlər isə soyuq sinif otaqlarında oturmağa məcbur qalır.
Məktəb rəhbərliyi bütün mərtəbələrdə istilik təminatında problem olmadığını iddia etsə də, bunu sübut etmək üçün çəkiliş aparmağa icazə verilməyib. Məsələni araşdırarkən məlum olub ki, istilik probleminin əsas səbəbi noyabr ayında məktəbdə baş vermiş yanğın hadisəsidir.
News365.az xəbər verir ki, hadisəni işıqlandırmaq məqsədilə çəkiliş aparılarkən özünü təqdim etməyən şəxs Space TV nin çəkiliş qrupuna hücum edib. Maraqlıdır ki, problemin həllini istəyən bəzi valideynlər də çəkilişin qarşısını almağa çalışıb. Çəkilişə mane olan şəxs əvvəlcə özünü məktəbin idman müəllimi, daha sonra idman zalını icarəyə götürən şəxs kimi təqdim etsə də, araşdırma zamanı onun məktəblə heç bir əlaqəsinin olmadığı müəyyən edilib.
Məsələ ilə bağlı Səbinə Məmmədova bildirib ki, Xırdalan şəhər 5 saylı tam orta məktəbin istilik təminatı fərdi qazanxana hesabına həyata keçirilir.
Hazırda problemin nə vaxt həll ediləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib.