Salyan rayonunun Qarabağlar kəndində, Qərbi Azərbaycanın Paşalı rayonu Terp kəndindən olan bir qrup soydaşımızın iştirakı ilə görüş keçirilib. Paşalı rayonu Terp kənd icmasının təşkilatçılığı ilə baş tutan tədbir Salyan rayonu Qarabağlar 1 nömrəli kənd orta məktəbinin konfrans zalında təşkil edilib
Görüşdə rayon və kənd icmalarının sədrləri, ictimaiyyət nümayəndələri və Qərbi Azərbaycan İcmasının üzvləri iştirak ediblər. Tədbir çərçivəsində deportasiya dövrünə qədərki yaşam tərzi, həmin dövrdə baş verən hadisələr və ondan sonrakı həyatla bağlı çıxışlar edilib. Həmçinin, Qərbi Azərbaycana qayıdış konsepsiyasına uyğun fəaliyyət istiqamətləri müzakirə olunub.
Tədbirdə çıxış edən Terp kənd icmasının sədri Ceyhunə Şirəliyeva bütün iştirakçıları salamlayaraq tədbirin mahiyyəti barədə məlumat verib.
Ceyhunə Şirəliyeva çıxışında Qərbi Azərbaycandan – doğma yurdlarından deportasiya olunmuş Terp kənd sakinlərinin vətənə bağlılığından danışıb.
Daha sonra Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, Paşalı rayon İcmasının sədri Faiq Xudayev çıxış edərək bildirib ki, Paşalı İcması kənd icmaları ilə sıx əməkdaşlıq edir. O, Qərbi Azərbaycan İcmasının müəyyən etdiyi məqsədyönlü siyasətin icrası barədə geniş məlumat verib.
Tədbirin sonunda Qərbi Azərbaycanın Paşalı rayonu Terp kəndindən olan bir qrup sakinə Qərbi Azərbaycan İcmasının üzvlük vəsiqələri təqdim olunub.