“Səni işə düzəldərəm, pul ver” – Vəkildən xəbərdarlıq

“Səni işə düzəldərəm, pul ver” – Vəkildən xəbərdarlıq
16:50

İş axtaran şəxslərə “pulunu ver, səni işə düzəldək” vədi verilməsi Azərbaycanda tez-tez müzakirə olunan problemlərdən biridir. Bəzən vətəndaşlardan konkret məbləğ tələb edilir, bəzən isə “tanış vasitəsilə məsələni həll etmək”, “müsabiqəsiz işə qəbul etdirmək” və ya “vakansiyanı bağlatdırmaq” kimi vədlərlə pul alınır. Belə hallarda vətəndaş təkcə maddi zərərə uğramaqla qalmır, müəyyən vəziyyətlərdə özü də hüquqi məsuliyyət riski ilə üzləşə bilər.

Məsələ ilə bağlı vəkil Vüsalə Muradxanlı News365.az-a açıqlamasında bildirib ki, işə qəbul olunmaq müqabilində pul tələb edilməsi qanuni işə qəbul proseduru hesab edilmir və bu cür münasibətlər ciddi hüquqi nəticələr doğura bilər.

Onun sözlərinə görə, işə qəbul əmək müqaviləsi, mövcud vakansiyanın tələbləri, müsabiqə və işəgötürənin rəsmi qərarı əsasında həyata keçirilməlidir.

“Kiminsə vətəndaşa “pul ver, səni işə düzəldim” deməsi konkret hallardan asılı olaraq müxtəlif hüquqi qiymətləndirmələrə səbəb ola bilər. Əgər həmin şəxs əslində belə bir səlahiyyətə malik olmadığı halda vətəndaşı aldadaraq pul alırsa, burada dələduzluq əlamətləri yarana bilər.

Cinayət Məcəlləsinin 178-ci maddəsində dələduzluq aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə kimi müəyyən edilir.

Digər tərəfdən, tələb olunan pulun vəzifəli şəxsə verilməsi, işə qəbul prosesinə qanunsuz müdaxilə edilməsi və ya rəsmi prosedurdan kənar üstünlük əldə olunması məqsədi daşıdığı müəyyən edilərsə, məsələyə rüşvət alma, rüşvət vermə və ya rüşvətxorluqda vasitəçilik aspektindən də hüquqi qiymət verilə bilər”, - deyə vəkil bildirib.

“Tanışım var, səni işə düzəldəcəyəm” vədlərinə diqqət

Vüsalə Muradxanlının sözlərinə görə, vətəndaşlar xüsusilə işə qəbul zamanı tələb olunan pulun hansı əsasla istənildiyinə diqqət etməlidirlər.

“Əgər işə qəbul üçün pul tələb edilirsə və bu ödəniş hər hansı rəsmi rüsum və ya qanuni ödəniş deyilsə, vətəndaş ehtiyatlı olmalıdır. Pulun qəbzsiz, nağd şəkildə və “öz aramızda” verilməsi, yaxud “tanışım var”, “vakansiyanı bağlatdıracağam”, “imtahansız işə düzəldəcəyəm” kimi vədlərin səsləndirilməsi ciddi şübhə üçün əsas yarada bilər.

Belə vəziyyətlə qarşılaşan şəxslər mümkün qədər bütün sübutları qoruyub saxlamalıdır. Yazışmalar, səsli mesajlar, bank köçürmələri, elanlar, vasitəçi ilə əlaqəni təsdiqləyən məlumatlar və digər materiallar sonradan hüquqi qiymətləndirmə üçün əhəmiyyətli ola bilər”, - deyə hüquqşünas qeyd edib.

Pul verən şəxs də məsuliyyət daşıya bilər

Vəkil xüsusilə vurğulayıb ki, vətəndaşın “mən işə düzəlmək istəyirdim” düşüncəsi onu avtomatik olaraq hüquqi məsuliyyətdən azad etmir.

“Ən vacib məqam vətəndaşın özü də qanunsuz yolla işə qəbul olunmaq üçün pul verməməsidir. Əgər məqsəd vəzifəli şəxsə və ya işə qəbul prosesinə qanunsuz təsir göstərməkdirsə, pul verən şəxsin də hüquqi məsuliyyət riski yarana bilər.

Ali Məhkəmənin dələduzluqla bağlı Plenum qərarında da bu məsələyə müxtəlif aspektlərdən yanaşılır. Vəzifəli şəxsə vermək məqsədilə pul alan vasitəçinin hərəkətləri işin konkret hallarından asılı olaraq dələduzluq, rüşvət verməyə cəhdə iştirakçılıq və ya digər hüquqi tərkiblər baxımından qiymətləndirilə bilər. Bu səbəbdən belə hallarda pul verən şəxsin məsuliyyəti də istisna edilmir”, - deyə Vüsalə Muradxanlı bildirib.

O əlavə edib ki, işə qəbul olunmaq istəyən şəxslər yalnız rəsmi vakansiyalara və qanuni prosedurlara üstünlük verməli, “pul ver, işə düzəldim” təklifləri ilə qarşılaşdıqda isə əldə etdikləri sübutları qoruyaraq aidiyyəti hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.


Sizin reklam burada
Sizin reklam burada