17 noyabr 2025-ci il tarixində Qərbi Azərbaycan
İcmasının İdarə Heyətinin növbəti iclası keçirilib.
İclası giriş sözü ilə açan Qərbi Azərbaycan İcması
İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Prezident İlham Əliyevin 03 noyabr 2025-ci il
tarixində AMEA-nın 80 illik yubileyində səsləndirdiyi fikirlərin Qərbi Azərbaycan
İcmasının fəaliyyətinə yeni məsuliyyət yükü əlavə etdiyini vurğulayıb. O, son
illər ərzində İcma tərəfindən ölkənin şəhər, rayon və kəndlərində Qərbi Azərbaycan
mövzusunda genişmiqyaslı tədbir və layihələrin həyata keçirildiyini diqqətə
çatdırıb, İcmanın gələcək fəaliyyətinin prioritet istiqamətləri üzərində
dayanıb.
Qərbi Azərbaycan İcmasının İdarə Heyəti sədrinin
müavini, Milli Məclisin deputatı, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu çıxışında dövlət
başçısının son bəyanatlarından sonra İcmanın fəaliyyətində yeni mərhələnin
başlandığını qeyd edib və qarşıdakı dövr üçün strateji hədəflərə toxunub.
Dərələyəz mahalının Keşkənd rayon İcmasının sədri,
tanınmış dilçi alim, şair, universitetin beynəlxalq əlaqələr üzrə prorektoru,
filologiya elmləri doktoru, professor Mahirə
Hüseynova Qərbi Azərbaycana qayıdış prosesinin beynəlxalq hüquq normaları əsasında
hüquqi, təşkilati və ideoloji hazırlığının əhəmiyyətini vurğulayıb. O, ali təhsil
müəssisələrində mövzuya dair konfransların təşkilinin faydalı olacağını qeyd
edib, Qərbi Azərbaycan TV-nin kanal televiziyasına keçirilməsini, həmçinin Qərbi
Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı materialların xarici dillərə tərcümə
edilərək ölkə xaricində geniş təbliğini təklif edib.
Hüquq Komissiyasının və Böyük Qarakilsə rayon
icmasının sədri, hüquq elmləri doktoru, professor Zahid Cəfərov Qayıdış Konsepsiyasının beynəlxalq hüquqa və tarixi ədalətə
söykəndiyini bildirərək hüquqşünaslarla tarixçilərin birgə fəaliyyətinin zəruriliyini
qeyd edib.
Milli Məclisin deputatı Aydın Mirzəzadə İcmanın təşkilatlanmasını mühüm siyasi və hüquqi
hadisə adlandırıb. O, Qərbi Azərbaycanda anadan olmuş və ölkənin inkişafında
xüsusi xidmətləri olan ziyalılar barədə kitabların nəşrini, eləcə də Qərbi Azərbaycan
muzeyinin yaradılmasını təklif edib, təbliğat işlərinin gücləndirilməsinin
vacibliyini diqqətə çatdırıb.
Əməkdar jurnalist Həsən Həsənov Qərbi Azərbaycan tarixinin son illərdə daha dərindən
araşdırıldığını bildirib. O, ermənilər tərəfindən tarixi izlərin silinməsinin Qərbi
Azərbaycanın türk torpağı olması həqiqətini dəyişmədiyini qeyd edib və
deportasiya olunmuş qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtmasına tam
hüquqi və mənəvi haqqı olduğunu vurğulayıb.
AMEA Tarix İnstitutunda Qərbi Azərbaycan tarixi
şöbəsinin müdiri Cəbi Bəhramov Qərbi
Azərbaycan tarixinin elmi əsaslarla daha geniş araşdırılmasının vacibliyini
diqqətə çatdırıb.
Milli Məclisin deputatı Kamran Bayramov qayıdış hüququnun təmin edilməsini dövlətin
prioritet istiqamətlərindən biri kimi qiymətləndirərək beynəlxalq təşkilatlar və
xarici dövlətlərlə əlaqələrin gücləndirilməsinin, diplomatik nümayəndəliklərlə
mütəmadi görüşlərin keçirilməsinin əhəmiyyəti üzərində dayanıb.
Bakı QHT Resurs və Təlim Mərikəzinin sədri Rauf Zeyni həm ölkə daxilində, həm də
beynəlxalq müstəvidə maarifləndirmə işlərinin genişləndirilməsinin vacibliyini
qeyd edərək sosial şəbəkələrdə mövzunun daha fəal təbliğinin əhəmiyyətinə
toxunub.
Tarix üzrə fəlsəfə doktoru, AMEA Tarix
İnstitutunun elmi əməkdaşı Nazim Mustafa
Qərbi Azərbaycan Ensiklopediyasının hazırlanması işinə daha geniş miqyasda mütəxəssislərin
cəlb edilməsinin vacibliyini qeyd edib.
ADPU-nun Elmi-təşkilati şöbəsinin müdiri,
professor İbrahim Bayramov tarixi qələbədən
sonra dövlət qarşısında duran əsas vəzifələrdən birinin Qərbi Azərbaycandan
qaçqın düşmüş soydaşlarımızın öz dədə-baba yurdlarına dönüşünün təmin edilməsi
olduğunu bildirib. O, Qərbi Azərbaycan İcmasının Elm Komissiyasının iştirakı ilə
regionun tarixi, mədəniyyəti, ədəbiyyatı və görkəmli şəxsiyyətləri barədə
kitabların nəşr edilməsinin vacibliyini vurğulayıb.
İclasın sonunda Qərbi Azərbaycan İcmasının
qarşıdakı dövr üçün fəaliyyət istiqamətləri üzrə konkret tapşırıqlar müəyyən
edilib və müvafiq işçi qruplarının formalaşdırılması barədə qərarlar qəbul
olunub.