ABŞ ilə İran arasında gərginlik diplomatik açıqlamalarla yanaşı, iqtisadi təzyiqlər və qarşılıqlı ittihamlarla da davam edir. Tərəflərin sülh danışıqları ilə bağlı mövqeləri arasında ciddi fikir ayrılıqları qalır. Vaşinqton Tehrandan müəyyən şərtləri qəbul etməsini tələb etdiyi halda, İran tərəfi öz şərtlərini irəli sürür. Bu vəziyyətdə neft hasilatı və onun satış imkanları da Tehranın qarşısında duran əsas problemlərdən biri kimi göstərilir.
Məsələni deputat Rasim Musabəyov News365.az-a şərh edərkən bildirib ki, BMT-də səsləndirilən sərt bəyanatlar tərəflər arasında yaranmış gərginliyin aradan qaldırılmasına ciddi töhfə vermir.

Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın İranla bağlı ziddiyyətli mesajları Tehranda narazılıq yaradıb və nəticədə İran Prezidenti Məsud Pezeşkianın BMT-dəki çıxışında Vaşinqtonla mümkün razılaşmaya dair müsbət mesajlar səslənməyib.
“Tramp da açıqlamalarında İranla bağlı qərar verməkdə çətinlik çəkdiyini, qarşısında iki yol olduğunu – İranı məhv etmək, yaxud sülhə doğru addım atmaq variantlarının mövcudluğunu bildirirdi. Belə açıqlamalar İran tərəfində qıcıq yaradır. Nəticədə Pezeşkianın BMT-dəki çıxışında ABŞ ilə hər hansı razılaşmaya dair konkret müsbət yanaşma görünmədi.
İranın xarici işlər naziri isə ABŞ-yə yeddi şərtdən ibarət sülh paketi təqdim etdiklərini bildirir. Trampın mövqeyi isə fərqlidir – o, İranın Vaşinqtonun irəli sürdüyü şərtləri qəbul etməli olduğunu deyir”, - deyə deputat qeyd edib.
Musabəyov hesab edir ki, tərəflər arasında problemin həllini çətinləşdirən əsas amillərdən biri qarşılıqlı etimadın olmamasıdır.
“İran da ziddiyyətli davranır. Bir tərəfdən sülhdən danışılır, digər tərəfdən isə müəyyən insidentlər və terror fəaliyyəti ilə bağlı xəbərlər yayılır. Böyük Britaniyada ABŞ-yə məxsus hərbi hava bazasına qarşı hücum hazırlamaqda şübhəli bilinən iranlıların saxlanılması barədə məlumat verilib. Belə vəziyyətdə tərəflərin bir-birinə etimadının çox aşağı olduğu görünür”, - deyə o bildirib.
Deputat İranın qarşılaşdığı əsas iqtisadi problemlərdən birinin isə neft hasilatı ilə bağlı olduğunu vurğulayıb.
Onun sözlərinə görə, İran neft hasilatını davam etdirir, lakin sanksiyalar və satış imkanlarının məhdudluğu səbəbindən hasil etdiyi nefti reallaşdırmaqda çətinlik çəkir.
“İran üçün ən çətin məsələ budur ki, neft hasilatı davam etsə də, onu satmaq imkanları məhduddur. Qarşıda iki problemli seçim yaranır: ya hasil edilən nefti saxlamaq və ya hasilatı azaltmaq. Hasilatın dayandırılması isə sonradan istehsalın əvvəlki səviyyəyə qaytarılmasını çətinləşdirə bilər”, - deyə Rasim Musabəyov əlavə edib.