Avropanın 19 ölkəsində mobil telefonların internet üzərindən satışında həyata keçirildiyi iddia olunan genişmiqyaslı fırıldaqçılıqla bağlı əməliyyat keçirilib. Araşdırmaya görə, cinayətkar qruplar 1 milyondan çox işlənmiş mobil telefonu yeni cihaz kimi təqdim edərək satıblar. Hadisə nəticəsində dəymiş ziyanın təxminən 300 milyon avro olduğu bildirilir.
News365.az xəbər verir ki, bu barədə Avropa Baş Prokurorluğu (EPPO) məlumat yayıb.
İstintaqın ilkin nəticələrinə əsasən, şübhəli cinayətkar təşkilatlardan biri Honq-Konq və Birləşmiş Ərəb Əmirliklərində ikinci əl hissələrdən istifadə etməklə mobil telefonlar yığıb.
Daha sonra həmin cihazlar xüsusi qaydada təmizlənib, yeni telefon təsiri yaradacaq şəkildə qablaşdırılıb və Niderlanda göndərilib.
Telefonlar daha sonra Almaniyadakı anbarlara daşınıb və buradan Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən müxtəlif onlayn platformalar vasitəsilə istehlakçılara satılıb.
İstintaq çərçivəsində Avstriya, Almaniya və İspaniyada 7 şübhəli saxlanılıb. Onların arasında cinayətkar təşkilata rəhbərlik etməkdə şübhəli bilinən iki şəxsin də olduğu açıqlanıb.
EPPO-nun məlumatına görə, araşdırma Avropanın bir sıra ölkələrində koordinasiyalı şəkildə aparılıb.
İstintaqın əsas diqqət mərkəzində işlənmiş mobil telefonların yeni cihaz kimi təqdim edilərək istehlakçılara satılması və bu yolla böyük məbləğdə gəlir əldə edilməsi dayanır.
News365.az