İslahatçı Qadınlar və İnnovasiyalar İctimai Birliyinin (İQİİB) təşəbbüsü ilə Brüssel şəhərində Qərbi azərbaycanlıların qayıdışının hüquqi və digər aspektləri geniş müzakirə olunub.
News365.az xəbər verir ki, bununla bağlı "Returning home and regional peace" – "Evə qayıdış və regional sülh" adlı beynəlxalq konfrans keçirilib.
Konfransda Brüsseldə fəaliyyət göstərən beyin mərkəzlərinin, beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri, ictimai-siyasi xadimlər iştirak ediblər. Konfransda qaçın və məcburi köçkünlərin öz vətənlərinə könüllü repatriasiya məsələləri, onlara reinteqrasiya dəstəyi, beynəlxalq müdafiəyə ehtiyacı olan insanlar üçün əmək və ya təhsil təşəbbüsləri, bu kontekstdə qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışı hüququnun reallaşması perspektivi, Avropa İttifaqı, BMT və beynəlxalq təşkilatların bu prosesdə mümkün rolu müzakirə edilib. Tədbirdə Azərbaycanın Belçikadakı fövqəladə və səlahiyyətli səfirliyinin nümayəndəsi Sübhan Rəhimli iştirak edib.
Açılış nitqində İQİİB-in rəhbəri Vüsalə Hüseynli bildirib ki, konfransın məhz Avropanın siyasi mərkəzi, Belçikanın paytaxtı Brüssel şəhərində keçirilməsinin səbəbi qaçqın və məcburi köçkünlərin öz vətənlərinə könüllü repatriasiya məsələlərinin müzakirəsi və bu kontekstdə qərbi azərbaycanlıların qayıdışı məsələsinə Avropanın ictimai-siyasi mərkəzlərinin, beyin mərkəzləri, ictimai-siyasi xadimlər, QHT-lərinin diqqətini çəkməkdir.
QHT-sədri bildirib ki, qaçın və məcburi köçkünlərin öz vətənlərinə könüllü repatriasiya məsələləri müzakirə olunan zaman qərbi azərbaycanlıların qayıdışı hüququnun reallaşması gündəliyə gətirilməlidir. Xüsusilə, beynəlxalq təşkilatlar bu işdə daha fəal olmalı, ayrı-seçkilik etməməlidir.
Qərbi azərbaycanlıların öz yurdlarından dörd dəfə məcburi şəkildə köçürüldüyünü, deportasiya edildiyini vurğulayan, Azərbaycan Milli QHT Forumunun idarə heyətinin üzvü, politoloq Zaur İbrahimli bildirib ki, XIX əsrin əvvəllərində Türkiyə və İrandan köçürülən ermənilər bölgədə Çar Rusiyası tərəfindən məqsədli şəkildə məskunlaşdırılıb:
"Ermənilər Qafqazda dövlətçiliyə yalnız 1918-ci ildə nail olublar. İrəvan xanlığının (1747-ci ildə yaradılmış) 1827-ci ildə Rusiya tərəfindən işğalı ilə bu bölgənin və onun əsas etnik tərkib hissəsi olan Azərbaycan türklərinin tarixində yeni, faciələrlə dolu, deportasiya mərhələsi başlanıb. Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürülməsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların, ümumiyyətlə, müsəlmanların deportasiyası üç mərhələdə - 1905–1920, 1948–1953, 1988–1992-ci illərdə həyata keçirilib.
Sonuncu dəfə 1988–1992-ci illərdə 350 mindən çox Qərbi azərbaycanlı zorla deportasiya olunub, onlara qarşı kütləvi qətllər törədilib. Qərbi Azərbaycan İcması tərəfindən indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə geriyə qayıtmasının təmin edilməsi barədə Qayıdış Konsepsiyası qəbul edilib. Konsepsiya beynəlxalq hüquq prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi, İnsan Hüquqları Bəyannaməsi və Qaçqınların Statusuna dair Konvensiyaya əsaslanır. Konsepsiyanın məqsədi isə geri qayıtmaq hüququnun beynəlxalq səviyyədə tanınması və hüquqi təminat altına alınması, qayıdan əhalinin təhlükəsizliyi, sosial müdafiəsi və reinteqrasiyasıdır".
Konfransda qaçqınlıq və məcburi miqrasiyada qadınların qarşılaşdıqları ciddi problemlər və bu problemlərdən çıxış yolu ilə bağlı çıxış edən, "Avropa Ukraynalıların səsinə hazır olun" qaçqınlar komitəsinin təsisçisi və idarə heyətinin üzvü Alina Kokhanko Ukrayna müharibəsinin nəticələri və məcburi qaçqınların qarşılaşdıqları problemləri səsləndirib və Azərbaycanlı qaçqınların hüquqlarının bərpasının ciddi məsələ olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycanı təmsil edən ekspertlər qaçqın düşmüş Qərbi azərbaycanlıların sayı, onların ölkənin hansı bölgəsində yerləşmələri, Ermənistanda hansı ərazilərdə yaşadıqları, qayıdışın hüquqi tərəfləri, Qayıdış Konsepsiyasının reallaşması, Ermənistanla sülh sazişi bağlanması perspektivi və s. kimi sualları cavablandıraraq, xəritə üzərindən izah ediblər.