Azərbaycan üçün hava proqnozu: yağış, dolu, qar...

Azərbaycan üçün hava proqnozu: yağış, dolu, qar...
16:40

Sentyabrın son günlərində Azərbaycanda hava şəraitinin bəzi ərazilərdə dəyişkən keçəcəyi gözlənilir. Paytaxt və Abşeron yarımadasında əsasən yağmursuz hava üstünlük təşkil etsə də, gecə saatlarında qısamüddətli yağış ehtimalı var. Bölgələrdə isə yağıntının daha intensiv olacağı, ayrı-ayrı ərazilərdə leysan və şimşək müşahidə ediləcəyi bildirilir. Dağlıq ərazilərdə havanın temperaturunun əhəmiyyətli dərəcədə aşağı düşəcəyi, yüksək dağlıq ərazilərdə isə qar yağacağı proqnozlaşdırılır.

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova News365.az-ın sorğusuna cavab olaraq bildirib ki, sentyabrın 30-da Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz hava şəraiti gözlənilir.

Onun sözlərinə görə, sentyabrın 29-dan 30-a keçən gecə paytaxtın bəzi ərazilərində qısamüddətli yağış yağa bilər. Oktyabrın 1-də isə Bakıda havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur.

Paytaxtda mülayim şimal-şərq küləyi əsəcək. Havanın maksimal temperaturu 22-26 dərəcə isti olacaq.

Bölgələrdə isə hava şəraiti daha fərqli olacaq. Gülşad Məmmədovanın sözlərinə görə, sentyabrın 30-da bəzi rayonlarda arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal edilir. Xüsusilə sentyabrın 29-dan 30-a keçən gecə bəzi şimal rayonlarında yağıntıların güclənəcəyi bildirilir.

Yüksək dağlıq ərazilərdə isə yağıntının qar şəklində düşməsi mümkündür.

Proqnoza əsasən, sentyabrın 30-u gündüz və oktyabrın 1-i gündüz saatlarında bölgələrin əksəriyyətində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Havanın maksimal temperaturunun aran rayonlarında 25-29, dağlıq ərazilərdə isə 10-15 dərəcə isti olacağı gözlənilir.


Sizin reklam burada
Sizin reklam burada