ABŞ-ın Nyu-Cersi ştatında güclü yağışların səbəb olduğu sel küçələri su altında qoyub. Lakin su basmış ərazidə sakinlərin qarşılaşdığı mənzərə daha böyük təəccübə səbəb olub – küçədə köpəkbalığı üzərkən görüntülənib.
Hadisə Nyu-Cersi ştatının Surf City şəhərində baş verib.
“Metro”nun məlumatına görə, yerli sakinlərdən biri bildirib ki, şənbə günü həyat yoldaşı evlərinin yaxınlığındakı hasarın yanında suda köpəkbalığının üzgəcini görüb.
Cütlük hadisəni evlərinin eyvanından izləyib. Onların sözlərinə görə, köpəkbalığı əvvəlcə evin qarşısından keçib, daha sonra avtomobil yollarına tərəf dönüb.
Bir müddət sonra heyvan istiqamətini dəyişərək geri qayıdıb və suyun altında gözdən itib.
Güclü yağışların yaratdığı daşqın nəticəsində şəhərin bəzi küçələri su altında qalıb. Köpəkbalığının su basmış küçələrə necə daxil olduğu barədə isə əlavə məlumat verilməyib.