“Rusiya müharibəni təkbaşına aparmaq gücündə deyil” - Əhməd Şahidov

“Rusiya müharibəni təkbaşına aparmaq gücündə deyil” - Əhməd Şahidov
14:55

Rusiya ordusunun Ukraynada müəyyən irəliləyişlər əldə etməsinə baxmayaraq, bu prosesin sürətli getmədiyi müşahidə olunur.

Bu fikirləri politoloq Əhməd Şahidov News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, müharibənin ilk günlərində Rusiya sürətlə irəliləsə də, hazırda vəziyyət dəyişib:

“Müəyyən qəsəbə və kəndlər işğal edilsə də, Ukrayna böyük əraziyə malikdir və Avropa ilə ABŞ-dan ciddi dəstək alır. Hətta könüllü dəstələr də Ukraynada döyüşür. Bu müharibə göstərdi ki, Rusiya dediyi qədər güclü deyil və savaşı təkbaşına aparmaq gücündə deyil”.

Politoloq əlavə edib ki, Rusiyanın Şimali Koreyadan hərbi dəstək aldığı artıq açıq faktdır:
“Təxminən 6 min Şimali Koreya əsgəri xüsusilə Kursk istiqamətində döyüşlərə qatılıb. Onların 2 minə yaxını həlak olub və cənazələri Şimali Koreyaya göndərilib. Kim Çen In isə onları qəhrəman kimi qarşılayıb”.

Əhməd Şahidov müharibənin Ukrayna xalqı üçün faciəvi nəticələr doğurduğunu vurğulayıb:
“Əslində, bu çox mənasız müharibədir. Ən çox əziyyət çəkən Ukrayna xalqıdır. Burada artıq Qərb və Şərq qarşıdurması gedir. Çin isə bundan maksimum yararlanır. O, Rusiyanı özündən asılı vəziyyətə salmaq üçün yaranmış tarixi şansı dəyərləndirir və Rusiyanın enerji resurslarını ucuz qiymətə almağa nail olur”.


Sizin reklam burada
Sizin reklam burada