Xaçmazda qətl hadisəsi baş verib. Şəhərin Aşıq Ələsgər küçəsində 44 yaşlı şəhər sakini tüfənglə vurularaq qətlə yetirilib.
Hadisə ilə bağlı News365.az-a daxil olan məlumata görə, mərhumun yaxınları onun elə öz qohumu tərəfindən güllələndiyini bildiriblər. Tüfəngdən açılan atəş nəticəsində xəsarət alan şəxs hadisə yerində dünyasını dəyişib.
Mərhumun qohumu Əlihüseyn Şıxıyev bildirib ki, hadisə şəxsi münaqişə zəminində baş verib:
“Xəbər gəldi ki, vurublar. Çıxıb damda gizlənib, güdüb vurub. Kişini arxadan vurmaq olmaz. 3-4 gün əvvəl cibinə pul qoyub demişdi ki, ‘getginən, yetim adamsan’. Belə bir insan idi.”
Hadisəni törətməkdə şübhəli bilinən Köhnə Xaçmaz kənd sakini, 37 yaşlı Rafiq Həbibov polis tərəfindən saxlanılıb. Onun qanunsuz saxladığı 1 ədəd tüfəng hadisə yerindən götürülüb.
Faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rafiq Həbibov prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.