Bəziləri Ramiz Mehdiyevi ona görə söyür ki,.. - REPLİKA

Bəziləri Ramiz Mehdiyevi ona görə söyür ki,.. - REPLİKA
14:34

Yıxılana balta “çalan” çox olar. Bunu çox görmüşük, çox eşitmişik. Amma balta vuran yıxılanın çörəyi ilə böyüyübsə o zaman məsələnin rəngi dəyişir. Artıq ortaya mənəviyyat, kişilik məsələsi gəlir.

İki gündür ki, ölkənin ictimai fikrini Ramiz Mehdiyevə cinayət işinin açılması məşğul edib. Yerindən duran, tanıyan-tanımayan bu adam haqqında ağlına, ağzına gələni söyləyir. Heç bir əndazə gözlənilmir...

Ramiz Mehdiyev cinayət törədib. Və törətdiyi cinayətlərə görə də qanun qarşısında cavab verməlidir və verir. Biz də əməllərinə görə onu qınayırıq. Buna mənəvi haqqımız da çatır. Çünki söhbət milli və dövlət maraqlarına vurulan zərbədən gedir. Bu məsələdə vicdanı olan hər kəs öz sözünü deməlidir.

Amma bir məsələ də var ki, bəzi insanların müəyyən sözləri deməyə haqqı çatmalıdır. Məsələn bir çoxları uzun illər Ramiz Mehtiyevin “krişası”altında olublar. Və bu yolla da özlərinə milyonlarla dəyəri olan sərvətlər toplayıblar. Heç kimə sirr deyil ki bu gün həm icra, həm qanunverici, həm də məhkəmə sistemində ona bağlı çoxlu adamlar var. Amma həmin adamlar bu gün elə danışırlar ki, guya nə Mehdiyevi tanıyıblar, nə də onun kölgəsində yatıblar.

Halbuki bu adamlar bir zamanlar hakimiyyətin “boz kardinalı”nın təbəssümünü qazanmaq üçün canlarını belə fəda eləməyə hazır idilər. Bu gün Ramiz Mehdiyevin vasitəsi ilə deputat olanlar, vəzifə qazananlar dilotu yemiş kimi danışırlar. Bu isə vətənpərvərlikdən daha çox qorxudan qaynaqlanır. Necə deyərlər “oğru elə bağıdrı ki,..” Bu gün çoxları növbəti ittihamın ona oxunmaması üçün az qalır Qurana and içsinlər ki, Ramiz Mehdiyev adında birisini tanımırlar.

Amma Lenin demiş “faktlar yaman şeydir”. Bu gün Ramiz Ənvəroviçi söyənlər cəmi 4-5 il bundan qabaq onun yox, sürücüsünün, mühafizəçisinin qarşısında farağat dayanırdılar. Kimisi ona mirzəlik edib kitab yazırdı, kimisi ona villa, kimisi fazende, kimisi restoranlar şəbəkəsi tikdirirdi. Halbuki Ramiz Mehdiyev onlardan bunu xahiş etməmişdi. Lakin belələri dövlətə, xalqa yox Ramiz Ənvəroviçə sədaqətini göstərmək üçün bu cür yarışa girirdilər. Çünki Ramiz Mehdiyevin sözü qanun idi, mandat idi, vəzifə yüksəlişi idi.

Amma bu gün Ramiz Mehdiyev 87 yaşında Novxanıdakı bağ evində ölümünü gözləyən bir qocadır. Heç təsadüfi deyil ki, Əzrayıldan qabaq qanun onun başının üstünü kəsdirib. Və deyirik ki, əcəb də eləyib. Çünki qanun Şahdır.

Amma təəssüflə və ürək ağrısı ilə onu da deyirik ki, ay filankəslər bu gün bu qədər rəzil olmayın, özünüzü sonuncu yola qoymayın. Sizin fikirlərinizlə Ramiz Mehdiyevə elan olunan cinayət maddələri nə ağırlaşandır, nə də ki, yüngülləşən. Son söz qanunundur.

Bizi eşidən kimdir...

Bu gün qaragüruh öz ampluasındadır. Hər kəs Ramiz Mehdiyevi linc eləməyə çalışır. Onlardan biri də deputat Elşad Musayevdir. O özünün sosial səhifəsində yazır ki, “Ramiz Mehdiyevin yanında olanlar bizdən deyil”. Amma  zamanlamanı demir. Axı bu gün onun yanında heç kim yoxdur? Lakin vaxtilə Ramiz Mehdiyevin ideoloji cəbhəsində təkcə Elşad Musayev yox, həm də onun atası Məmmədhənifə Musayev də dayanırdı.

Və bu yerdə məşhur bir ifadə yada düşür: Vətənpərvərlik əclafların son sığınacaq yeridir.

News365.az 

 


Sizin reklam burada
Sizin reklam burada