Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Airbus A320” təyyarəsinin Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi zamanı baş verən hadisə ilə bağlı Milli Məclisin deputatı Azər Allahverənov öz fikirlərini bildirib.
Deputat qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də AZAL-ın uçuş heyəti beynəlxalq aviasiya müstəvisində öz peşəkarlığı ilə seçilir:
“Hər zaman demişəm və bu gün də əminliklə bildirirəm ki, AZAL-ın uçuş heyəti beynəlxalq səviyyədə peşəkarlığı ilə sayılıb-seçilən heyətlərdəndir. Onlar bir daha bunu sübut etdilər. Təhlükəsizlik qaydalarına ciddi əməl etməklə sərnişinlərin həyatını qorumaq ən yüksək vətəndaşlıq və peşəkarlıq nümunəsidir.”
Xatırladaq ki, uçuş təhlükəsizliyini təmin etmək məqsədilə “Airbus A320” təyyarəsinin kapitanı texniki səbəbdən — şassidə yaranan nasazlığa görə — geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib. Təyyarə Bakı vaxtı ilə saat 04:43-də hava limanına uğurla enib.
Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxsa da, göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub və xəsarət alan olmayıb.
Deputat hadisə ilə bağlı sonda AZAL ekipajını təbrik edib:
“Əhsən, ekipaj heyəti! Tanrı sizi qorusun!”
News365.az