Hacıqabul rayonunun Meyniman kəndində erkən nikah faktı qeydə alınıb. 23 yaşlı oğlanın 16 yaşı tamam olmayan qızla evləndirilməsi planlaşdırılıb. Lakin hüquq-mühafizə orqanlarının müdaxiləsi nəticəsində toy mərasimi dayandırılıb.
Məlumata görə, erkən nikaha cəlb olunan qız Sabirabad rayonunun Qarağac kənd sakini olub. Qızın ailəsi iddiaları təkzib edərək qızın verilmədiyini bildirib.
Qızın atası Səbuhi Sarıyev məsələyə münasibət bildirərək deyib:
“Gəlmişdilər qızı istəməyə, mən də vermədim, dedim azyaşlıdır. Gözləsinlər, yaşı tamam olsun, sonra gələrlər. Nişan zad etməmişəm. Məktəbə də getmirdi.”
Oğlan evində isə toy mərasiminə hazırlıq işlərinin görüldüyü təsdiqlənib. Bəylə bağlı açıqlama verən anası Valide Zərbaliyeva qeyd edib:
“Oğlum üçün elçi getmək istədik. Sonra məlum oldu ki, qızın sənədləri yoxdur. Buna görə bu işi dayandırdıq. Sadəcə xəstə uşağımın arzusu idi, təmtərağa hazırlaşdıq deyə toy mərasimini gəlinsiz keçirdik.”
Hər iki tərəfin valideynləri Hacıqabul Rayon Polis Şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb.
Polis mayoru Nizam Həmidov bildirib ki, nikah yaşı həm qadınlar, həm də kişilər üçün 18 yaş müəyyən olunub:
“Bu yaş həddinə çatmamış şəxslərin evləndirilməsi qanunla qəti şəkildə qadağandır. Belə hallara yol verən şəxslər inzibati və ya cinayət məsuliyyəti daşıyırlar.”
Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.