Oxucular üçün yeni bir töhfə- "Kərbəla" romanı

Oxucular üçün yeni bir töhfə- "Kərbəla" romanı
08:59
Azərbaycan Yazıçılar Birliyinin üzvü, dəyərli ziyalı, nurani insan, şair Əbülfəz Əhməd partiyamızın qonağı oldu. Bir qədər əvvəl nəzmə çəkdiyi "Kərbəla" romanına ön söz yazmışdım. Nəşr etdirib kitab gətirmişdi. Təbrik edib bir daha uğurlar arzuladıq. Fikrimi kitaba yazdığım ön sözdə dediyim üçün sözü uzatmadan həmin mətni təqdim edirəm.
ÖN SÖZ
Rəhman və Rəhim olan Allahın adı ilə!
Müqəddəs Quranda Allah - təala qələmə and içir! Sonra onun yazdıqlarına and içir... Şübhəsiz ki, qələm deyərkən yalnız bizim istifadə etdiyimiz qələmdən söhbət getmir. Qüdrət qələmi, hikmət qələmi, sənət qələmi də var... Hətta kainatın taleyi müqəddər olan Lövhi-məhfuzun da hikmət qələmi ilə yazıldığını deyə bilərik. Bizim qələmimiz isə o zaman müqəddəs və aliməramlı olur ki, yazdıqlarımızın ümumbəşəri dəyəri, insanlığa mənəvi qida sayılacaq tutumu olsun. Türkiyəli yazar Bekir Yıldızın yazmış olduğu, Aydın Məmmədovun dilimizə uyğunlaşdırdığı "Kərbəla" romanını da yalnız müqəddəs qələm sahibi nəzmə çəkə bilərdi çəkdi də! Bu, müdrik ziyalı, şair - publisist Əbülfəz Əhməddir!
Nəsr əsərini, publisistikanı nəzmə çəkmək, ibtidaidən şeir yazmaqdan daha çətin və xüsusi həssaslıq, diqqət tələb edən işdir. Şair Əbülfəz Əhməd bu çətin, zəhmətli, eyni zamanda fəzilətli işin uğurla öhdəsindən gəlib. Əsər, Həzrət Muhəmməd Peyğəmbərin sevimli nəvəsi, əmisi oğlu İmam Əli və əziz qızı Həzrət Fatimənin ciyərparası İmam Hüseynin şəhadətə yetdiyi Kərbəla olayından bəhs edir. Bekir Yıldız bu hadisəni bədii üslubda qələmə almaqla, bəzən tarixi mətnlərin ağırlığından, bəzən də ziddiyyətli səhifələrindən yorulmuş oxucunun daha rahat həzm etməsi üçün romanlaşdırıb. Əbülfəz Əhməd isə faciə - hadisəni nəzmsevərlərin zövqünə və mənəvi ehtiyaclarına uyğun şəkildə şeirlə təqdim edib. Şair romanın təqdim etdiyi məzmunu qoruyub saxlamaqla şeirə çevirib.
Həzrət Hüseynin həyatı insanlığa nümünəydi. Lakin onun ölümü də nümunə olmalıydı. Oldu da... Mərd, kişi kimi, ləyaqətlə yaşamağın necə olduğunu ən yüksək ali meyarlarla öz yaşamı, səxavəti, mərhəməti, elmi, helmi ilə əyani şəkildə ümmətə göstərmişdi. Ona görə son nəfəsdə belə haq yoldan dönməmiş, südəmər körpəsinin gözləri önündə oxlanmasına belə tab gətirərək doğranan qardaşlarının nizələrə taxılan başlarının zülm önündə əyilməməsini bu yolda ümmətə əyani nümunə göstərmişdi. Haqq - ədalət, Vətən, torpaq yolunda canından keçən şəhidlərimiz də İmam Hüseynin, Kərbəla şəhidlərinin səfində-sırasındadırlar. Vətən üçün lazım gələrsə bütün var-dövlətindən, mənsəbindən, canından keçməyin əyani sübutu şəhidlərimizdir.
Şair Əbülfəz Əhmədin nəzmə çəkdiyi "Kərbəla" romanının oxucular üçün yeni bir töhfə olacağına ümid edirəm. Ona, bu fəzilətli savab əməlin - əməyin savabını Allahdan niyaz edirəm!
Tural İRFAN
İlahiyyatçı-yazar, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident mükafatçısı

Sizin reklam burada
Sizin reklam burada