Ukraynanın paytaxtı Kiyevdə yerləşən hərbi obyektlərə endirilən zərbələr zamanı diplomatik nümayəndəliklərin təhlükəsizliyinə daha həssas yanaşılmalıdır.
Bu fikirləri politoloq İlqar Vəlizadə News365.az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, Rusiya Kiyevin həmin rayonunda mühüm hərbi obyektlərin yerləşdiyini əsas gətirərək mütəmadi zərbələr endirsə də, bu hücumlar diplomatik missiyalar üçün də ciddi təhlükə yaradır.
"Rusiya həmin rayonda mühüm hərbi obyektlərin yerləşdiyini iddia edir və bu səbəbdən mütəmadi olaraq həmin ərazilərə zərbələr endirir. Lakin burada diplomatik nümayəndəliklər, o cümlədən Azərbaycanın səfirliyi də fəaliyyət göstərir. Bir neçə dəfə Azərbaycanın diplomatik nümayəndəliyi də bu hücumlardan zərər görüb və bunun nəticələri hər kəsə məlumdur", – deyə politoloq bildirib.
İ. Vəlizadə qeyd edib ki, Moskvanın "dəqiq zərbələr" endirilməsi ilə bağlı açıqlamaları praktikada öz təsdiqini tapmır.
"Rusiya tərəfi iddia edir ki, yüksək dəqiqlikli zərbələr endirir. Ancaq bir çox hallarda görürük ki, zərbələr yalnız hərbi obyektlərlə məhdudlaşmır, ətrafdakı digər binalar, o cümlədən diplomatik nümayəndəliklər də zərər görür. Bu isə həmin zərbələrin dəqiqliyi ilə bağlı suallar yaradır", – o vurğulayıb.
Politoloqun fikrincə, Azərbaycan bu məsələni diplomatik kanallar vasitəsilə Rusiyanın diqqətinə çatdırmağa davam etməlidir.
"Düşünürəm ki, Azərbaycan tərəfi müxtəlif diplomatik kanallar vasitəsilə öz narahatlığını Rusiya tərəfinə çatdırmalıdır. Rusiya da bu iradlardan nəticə çıxarmalı və gələcəkdə diplomatik nümayəndəliklərin təhlükəsizliyini nəzərə almalıdır", – deyə İlqar Vəlizadə əlavə edib.