Azərbaycanda ictimai nəqliyyatın yenilənməsi və sərnişindaşıma xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində işlər davam etdirilir.
News365.az-ın əldə etdiyi məlumata görə, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, Bakı, Sumqayıt və Abşeronda 395 yeni elektrik və CNG texnologiyası ilə işləyən avtobus istifadəyə verilib. Eyni zamanda paytaxtda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb və 8 yeni marşrut xətti istifadəyə verilib.
Hazırda Bakı şəhərində gündəlik xəttə buraxılan avtobusların sayı 2300-ə yaxındır. Bu göstərici 2022-ci ildə 1720 olub. Beləliklə, son illərdə gündəlik xəttə çıxarılan avtobusların sayında təxminən 32 faiz artım qeydə alınıb.
İctimai nəqliyyatda nağdsız ödəniş imkanları da genişləndirilib. Hazırda təxminən 1800 avtobusda nağdsız ödəniş mümkündür. Nağdsız ödənişlərin ümumi payı isə 85 faizə çatıb. Ekoloji təmiz avtobusların xüsusi çəkisi 55 faiz təşkil edir.
Sərnişinlərin rahatlığının artırılması məqsədilə avtobusların hərəkət intervallarının yaxşılaşdırılması üçün xüsusi hərəkət zolaqlarının şəbəkəsi də genişləndirilib. Bakıda 40-a yaxın küçə və prospektdə ümumilikdə 114 kilometr uzunluğunda xüsusi hərəkət zolağı yaradılıb.
Bununla yanaşı, bölgələrdə və şəhərlərarası istiqamətlərdə sərnişindaşımanın keyfiyyətinin artırılması üçün də yeni addımlar atılır. AYNA 2026-cı ilin iyulunda Bakı-İsmayıllı, Bakı-Daşkəsən, Bakı-Qəbələ, Bakı-Ağcabədi, Bakı-Şabran, Gəncə-Zaqatala, Gəncə-Balakən, Şəki-Gəncə və digər istiqamətlər üzrə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarıb.
Məlumatlara görə, son dörd ildə Bakı və şəhərətrafı avtobuslarla sərnişindaşımada 67,3 milyonluq artım qeydə alınıb. Bu isə ictimai nəqliyyatdan istifadə edənlərin sayında əhəmiyyətli yüksəliş olduğunu göstərir.
Bununla belə, ictimai nəqliyyatla bağlı əsas problemlərdən biri köhnə avtobusların tamamilə dövriyyədən çıxarılması olaraq qalır. Xüsusilə bəzi rayon və kəndlərdə köhnə mikroavtobuslardan istifadə edilməsi sərnişinlərin narazılığına səbəb olur.
Ekspertlərin fikrincə, ictimai nəqliyyatın inkişafı yalnız yeni avtobusların alınması ilə məhdudlaşmamalı, marşrut şəbəkəsinin optimallaşdırılması, hərəkət intervallarının azaldılması, dayanacaqların yenilənməsi və sərnişin təhlükəsizliyinin təmin edilməsi ilə paralel aparılmalıdır.