Bakıda göz rəngini dəyişdirdi, görməsi zəiflədi – Moskvalı qadın peşmandır + VİDEO

Bakıda göz rəngini dəyişdirdi, görməsi zəiflədi – Moskvalı qadın peşmandır + VİDEO
14:41
Bakıda göz rənginin dəyişdirilməsi əməliyyatı keçirən moskvalı qadın prosedurdan sonra görməsi ilə bağlı problemlər yaşadığını bildirib.

News365.az xəbər verir ki, sosial şəbəkələrdə “Doktor Cülyetta” (Yuliya) kimi tanınan moskvalı kosmetoloq əməliyyatın azərbaycanlı oftalmoloq Cavid Şahbazov tərəfindən həyata keçirildiyini deyib.

Yuliya hazırda kataraktssı olan insan kimi gördüyünü bildirib. Onun sözlərinə görə, Rusiyada oftalmoloqla məsləhətləşdikdən sonra gözlərinin təbii rənginə qayıtmaq qərarına gəlib.

“Özümü kataraktası olan biri kimi hiss edirəm. Görməmlə bağlı konsultasiyada oldum. Doğuşdan sonra görməmin bir qədər pisləşdiyini düşünürdüm. Uzun müayinədən keçdim. Həkim isə 100 faiz görmə qabiliyyəti olan insan kimi gördüyümü və heç bir narahatlığın olmadığını dedi.

Amma xüsusilə gecə vaxtı və kənardan işıq şüası gələndə görmə ilə bağlı problem yaranır. Rənglər çox solğun görünür, hər şey bulanıq olur. Bundan əlavə, sanki gözlərimin üzərində pərdə var və onu çıxarmaq istəyirəm. Həkim dedi ki, əməliyyatla bağlı bütün məqamları dəqiqləşdirmək üçün ona təxminən iki həftə vaxt lazımdır. Bundan sonra boyanın çıxarılmasına başlayacağıq”, - deyə Yuliya bildirib.

Oftalmoloq Cavid Şahbazov isə açıqlamasında pasiyentin yaxın vaxtlarda klinikaya müraciət etdiyini və bütün şikayətlərinin nəzərdən keçirildiyini bildirib.

Həkimin sözlərinə görə, pasiyentin öz dediklərinə əsasən, Moskvada aparılan müayinələr zamanı görmə ilə bağlı ciddi pozuntu aşkarlanmayıb. Onun əsas narazılığı hazırkı göz rəngini dəyişdirmək və əvvəlki təbii rənginə qayıtmaq istəyi ilə bağlıdır.

“Estetik prosedurlarda elə hallar olur ki, pasiyentlər zaman keçdikcə seçdikləri rəngi dəyişmək, başqa rəng seçmək və ya nadir hallarda təbii rənglərinə qayıtmaq istəyirlər. Müvafiq müayinədən sonra belə prosedurlar həyata keçirilə bilər. Əslində, bu, həkimlə pasiyent arasında qərarlaşdırılan tibbi məsələdir”, - deyə o qeyd edib.

O bildirib ki, əməliyyat təxminən iki il əvvəl həyata keçirilib və bu cür müraciətlərə nadir hallarda rast gəlinir.

“Pasiyentin şəxsi hissləri ayrı məsələdir. Lakin müayinə zamanı ciddi problem təsdiqlənməyib. Buna görə də hesab edirəm ki, bu vəziyyət məhz tibbi məlumatlar əsasında qiymətləndirilməlidir”, – deyə Cavid Şahbazov əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada