"Müasir geosiyasi reallıqda informasiya artıq yalnız baş verən hadisələri cəmiyyətə çatdıran vasitə deyil".
Politoloq Yeganə Hacıyeva bunu News365.az-a açıqlamasında deyib.
"Media məkanı siyasi proseslərin formalaşdığı, ictimai rəyin istiqamətləndirildiyi və ayrı-ayrı dövlətlər haqqında beynəlxalq təsəvvürlərin yaradıldığı mühüm mübarizə meydanına çevrilib.
Bu baxımdan, 2 sentyabr 2026-cı ildə Azərbaycanın Goranboy rayonunun Nizami kəndi yaxınlığında baş vermiş yanğın hadisəsi ilə bağlı mənzil-qərargahı Polşada yerləşən “Nexta” kanalı tərəfindən yayımlanan material xüsusi diqqət çəkir.
Materialda hadisənin faktoloji tərəflərindən daha çox müəyyən siyasi fərziyyələrin ön plana çıxarılması və lokal hadisənin dövlətlərarası münasibətlər kontekstində təqdim edilməsi jurnalistikanın informasiya ötürmək funksiyası ilə siyasi narrativ formalaşdırmaq arasındakı sərhədin harada başladığı sualını gündəmə gətirir.
Burada əsas məsələ tənqidin özü deyil. Tənqidi jurnalistika demokratik cəmiyyətin ayrılmaz hissəsidir.
Problem təsdiqlənməmiş ehtimalların fakt kimi təqdim olunması, hadisənin siyasi kontekstdən seçilərək müəyyən istiqamətdə çərçivələnməsi və bununla da auditoriyanın hadisəyə əvvəlcədən müəyyən edilmiş prizmadan baxmasına şərait yaradılmasıdır.
Daha ciddi sual isə bundan sonra yaranır, bu yanaşma ayrı-ayrı media resurslarının təsadüfi seçimi, yoxsa daha geniş informasiya dinamikasının bir hissəsidir?
Müxtəlif informasiya platformalarında eyni və ya bir-birini tamamlayan tezislərin qısa zaman intervalında dövriyyəyə buraxılması bu məsələni daha geniş araşdırma müstəvisinə çıxarır.
Xüsusilə Rusiya informasiya məkanında səsləndirilən müəyyən anti-Azərbaycan narrativlərinin sonradan Avropa informasiya mühitində fərqli ifadələrlə, lakin oxşar siyasi çərçivədə təkrar meydana çıxması diqqətdən kənarda qalmamalıdır.
Əlbəttə, belə oxşarlıq avtomatik olaraq vahid mərkəzdən idarə olunan koordinasiyanın mövcudluğunu sübut etmir.
Lakin eyni tezislərin müxtəlif informasiya ekosistemlərində ardıcıl şəkildə təkrarlanması onların ilkin mənbəyinin, informasiya zəncirinin və hansı mərhələlərdən keçərək yeni auditoriyalara çatdırıldığının araşdırılmasını zəruri edir.
Çünki müasir informasiya müharibələrinin ən təhlükəli mexanizmlərindən biri məhz budur, ilkin olaraq təsdiqlənməmiş bir iddia meydana çıxır, daha sonra başqa media resursları həmin iddianı istinad kimi istifadə edir və bir müddət sonra ilkin mənbə arxa plana keçir.
Nəticədə eyni məlumatın müxtəlif platformalarda təkrar olunması ictimaiyyətdə onun guya bir neçə müstəqil mənbə tərəfindən təsdiqləndiyi illüziyasını yaradır.
Bu prosesdə medianın coğrafiyası da maraqlı məna kəsb edir.
Son dövrlərdə “The Independent”, “The Guardian”, BBC, CNN, “Le Monde”, TVP və digər Qərb media platformalarında Azərbaycanla bağlı yayımlanan bəzi materiallarda oxşar birtərəfli yanaşmaların müşahidə edilməsi jurnalistikanın universal standartları məsələsini yenidən gündəmə gətirir.
Bu mənada, regionda yeni reallıqların formalaşdığı bir dövrdə informasiya məkanında yaranan hər bir süni gərginlik ayrıca qiymətləndirilməlidir.
Azərbaycanın qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması, regional sabitliyin möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi istiqamətində atdığı addımlar fonunda informasiya mühitində qarşıdurmanı dərinləşdirən narrativlərin intensivləşməsi təsadüfi deyil.
Regional əməkdaşlığın yeni formatlarının müəyyən geosiyasi maraqlarla toqquşduğu şəraitdə informasiya məkanı siyasi təsir və ictimai rəyə təzyiq vasitəsinə çevrilə bilər.
Qərb mediası dünyada dezinformasiya, manipulyasiya və hibrid təsirlərlə bağlı haqlı olaraq ciddi müzakirələr aparır.
Lakin bu prinsiplər yalnız müəyyən ölkələrə və ya informasiya məkanlarına münasibətdə tətbiq ediləndə öz universallığını itirir.
Jurnalistikanın standartı coğrafiyaya görə dəyişməməlidir.
Regional sabitliyin və normallaşmanın yalnız diplomatik masada qorunması kifayət deyil.
Onun informasiya məkanında da məsuliyyətlə müşayiət olunması vacibdir".
News365.az