Ermənistanda keçmiş hakimiyyət nümayəndələri ilə bağlı hüquqi proseslər yenidən gündəmə gəlib. Bu dəfə ölkənin sabiq müdafiə naziri Seyran Ohanyan barəsində cinayət təqibinə başlanılması diqqət çəkib.
News365.az xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsində Ohanyanın müdafiə naziri olduğu dövrdə mənzil bölgüsü ilə bağlı yol verilmiş qanun pozuntuları üzrə araşdırma başa çatıb.
İstintaqın gəldiyi nəticəyə əsasən, Seyran Ohanyan Müdafiə Nazirliyinin Mərkəzi Mənzil Komissiyasının üzvlərinin köməyi ilə vəzifə səlahiyyətlərindən kənara çıxaraq bir sıra şəxslərin hüquq və qanuni mənafelərinə ciddi zərər vurub.
Ermənistan prokurorunun qərarı ilə sabiq müdafiə nazirinə qarşı Cinayət Məcəlləsinin 441-ci maddəsinin 1-ci hissəsi ilə ictimai cinayət təqibi başlanıb. Sözügedən maddə vəzifəli şəxsin səlahiyyətlərindən və ya tutduğu vəzifənin nüfuzundan sui-istifadə etməsi, eləcə də səlahiyyət həddini aşması hallarını əhatə edir.
Seyran Ohanyan uzun illər Ermənistanın hərbi-siyasi elitasında mühüm vəzifələr tutub. Onun barəsində cinayət təqibinin başlanması keçmiş hakimiyyət nümayəndələrinə qarşı aparılan hüquqi prosesləri yenidən ölkə gündəminin əsas mövzularından birinə çevirib.
Məsələni News365.az-a şərh edən politoloq Əli Zülfüqaroğlu bildirib ki, Ermənistanda əvvəlki hakimiyyətlərdə təmsil olunan şəxslərlə bağlı araşdırmalar təsadüfi xarakter daşımır.
Onun sözlərinə görə, keçmiş siyasi hakimiyyət nümayəndələrinin fəaliyyətində müxtəlif cinayət faktlarının olduğu barədə məlumatlar uzun müddətdir mövcuddur. Politoloq hesab edir ki, hazırkı hakimiyyət müəyyən dövrlərdə siyasi səbəblərdən bu məsələlərə fərqli yanaşıb.
Əli Zülfüqaroğlu qeyd edib ki, Ermənistanda parlament seçkiləri ərəfəsində revanşist qüvvələr, kilsə və müxtəlif lobbi dairələrinin hökumətə təzyiqləri artıb:
“Ermənistanın keçmiş siyasi hakimiyyətlərində təmsil olunan şəxslərin törətdiyi cinayət əməlləri heç kəsə sirr deyil. O cümlədən Paşinyan hökuməti də bu faktlardan xəbərdar idi. Lakin hazırkı hakimiyyət uzun müddət məsələyə siyasi məqsədəuyğunluq prizmasından yanaşaraq bəzi hallarda bu faktları görməzdən gəlirdi”.
Politoloqun fikrincə, son dövrdə ölkə daxilində hakimiyyətə qarşı müxtəlif təzyiq cəhdlərinin artması hökumətin keçmiş hakimiyyət nümayəndələrinə münasibətini sərtləşdirib.
“Ermənistanda seçki ərəfəsində müxtəlif təxribatlar, qarşıdurma və xaos yaratmaq cəhdləri, eləcə də Paşinyana qarşı geniş qara piar kampaniyası aparılması kimi proseslər müşahidə olunurdu. Buna görə də seçkidən sonra hökumətin bu istiqamətdə müəyyən addımlar atacağı gözlənilən idi”, – deyə Zülfüqaroğlu bildirib.
Politoloq hesab edir ki, Robert Köçəryan, Serj Sərkisyan və digər keçmiş hakimiyyət nümayəndələri ilə bağlı proseslərin fonunda Seyran Ohanyanın da cinayət təqibinə cəlb olunması eyni siyasi-hüquqi prosesin davamı kimi qiymətləndirilə bilər.
Onun fikrincə, keçmiş hakimiyyətlərin fəaliyyəti yalnız daxili idarəçilik və korrupsiya iddiaları ilə məhdudlaşmır. Zülfüqaroğlu Ermənistanın əvvəlki rəhbərliyinin Azərbaycana qarşı siyasətinin də ayrıca hüquqi və siyasi qiymətləndirmə tələb etdiyini bildirib.
“Keçmiş hakimiyyətlər dövrünü yalnız Ermənistandakı korrupsiya və özbaşınalıqlarla məhdudlaşdırmaq olmaz. Həmin dövrdə Azərbaycana qarşı törədilən əməllər, o cümlədən bəşəri cinayət xarakterli hadisələr də ayrıca diqqətdə saxlanılmalıdır”, – deyə politoloq əlavə edib.