Məktəb zəngi ilə birlikdə uşağın həyatında yalnız yeni dərs ili deyil, həm də fərqli gündəlik rejim başlayır. Səhər erkən oyanmaq, saatlarla dərsdə olmaq, yeni müəllim və sinif yoldaşları ilə ünsiyyət uşağın orqanizmi və psixoloji vəziyyəti üçün müəyyən uyğunlaşma dövrü tələb edir. Bu mərhələdə valideynlərin düzgün yanaşması uşağın məktəbə daha rahat adaptasiya olmasına kömək edə bilər.
News365.az xəbər verir ki, Səhiyyə Nazirliyinin K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Nigar Cəfərova məktəbə başlayan uşaqların sağlamlığı, qidalanması və yeni mühitə uyğunlaşması ilə bağlı valideynlərə tövsiyələr verib.
Pediatrın sözlərinə görə, valideynlər dərs ləvazimatları ilə yanaşı, uşağın sağlamlıq vəziyyətini də əvvəlcədən nəzərdən keçirməlidirlər. Xüsusilə uşağın yaşına uyğun peyvəndlərinin tamamlanıb-tamamlanmadığı yoxlanılmalıdır.
Çünki məktəbdə uşaqlar uzun müddət bir-biri ilə təmasda olur və bu da yoluxucu xəstəliklərin yayılması ehtimalını artırır. Vaxtında aparılan peyvəndləmə həm uşağın özünün, həm də kollektivdəki digər şagirdlərin qorunmasına kömək edir.
Məktəbə ilk dəfə başlayan uşağın səhərlər ağlaması, valideyndən ayrılmaq istəməməsi və məktəbə getməyə etiraz etməsi hər zaman ciddi problemdən xəbər vermir.
Nigar Cəfərova qeyd edib ki, yeni mühit, valideyndən ayrılma narahatlığı, yuxu rejiminin dəyişməsi və yorğunluq ilk həftələrdə belə reaksiyalara səbəb ola bilər.
Əgər uşaq evdə sakitləşir və zaman keçdikcə məktəb rejiminə uyğunlaşırsa, adətən ciddi narahatlığa ehtiyac olmur. Lakin vəziyyət həftələrlə davam edirsə, uşağın tez-tez baş və ya qarın ağrısından şikayətlənməsi, yuxusunun və iştahasının pozulması müşahidə olunursa, problemin səbəbi araşdırılmalıdır.
Bu halda uşağı danlamaq və məcbur etmək əvəzinə müəllimlə əlaqə saxlamaq, uşağın məktəbdə hansı çətinliklərlə üzləşdiyini müəyyənləşdirmək daha doğru yanaşmadır.
Pediatr hesab edir ki, məktəb rejiminə uyğunlaşma dərslər başlamamışdan əvvəl həyata keçirilməlidir.
Bunun üçün uşağın yuxu və oyanma saatları tədricən məktəb qrafikinə uyğunlaşdırılmalı, səhərlər vaxtında oyanmasına şərait yaradılmalıdır. Məktəb ləvazimatlarının hazırlanmasına uşağın da cəlb edilməsi onun yeni mərhələyə marağını artıra bilər.
İmkan varsa, məktəb başlamamışdan əvvəl uşağa məktəb binasını, sinfi və həyəti göstərmək də faydalıdır. Beləliklə, uşaq ilk gün qarşılaşacağı mühiti əvvəlcədən tanımış olur.
Valideynlərin ilk günlərdə sakit və pozitiv davranması da vacibdir. Uşağın hisslərini dinləmək, məktəbdə baş verənlər barədə danışmasına imkan vermək və onu digər uşaqlarla müqayisə etməmək lazımdır.
Məktəbə başlayan uşaq özünü ifadə etməyi, sadə tapşırıqları yerinə yetirməyi və gündəlik ehtiyaclarını mümkün qədər müstəqil qarşılamağı bacarmalıdır.
Ayaqqabısını geyinmək, əllərini yumaq, şəxsi əşyalarını səliqəli saxlamaq kimi sadə vərdişlərin formalaşdırılması uşağın məktəbdə özünü daha rahat hiss etməsinə kömək edir.
Bununla yanaşı, qələmdən istifadə etmək, rəngləmək, kəsmək və sadə şəkillər çəkmək kimi fəaliyyətlər də faydalıdır. Kitab oxumaq, oyun oynamaq və uşaqla gündəlik söhbətlər aparmaq onun nitq, yaddaş və diqqət bacarıqlarının inkişafına müsbət təsir göstərir.
Pediatr məktəbli uşağın qidalanmasına da xüsusi diqqət yetirməyin vacibliyini vurğulayıb.
Onun sözlərinə görə, səhər yeməyi uşağın gün ərzində enerjili olması və diqqətini dərsə yönəldə bilməsi üçün mühüm rol oynayır. Yumurta, pendir, qatıq, yulaf, tam taxıllı çörək və meyvələr səhər menyusunda yer ala bilər.
Uşağın rasionunda ət, balıq, yumurta, süd məhsulları və paxlalılar kimi zülal mənbələri, həmçinin müxtəlif tərəvəz və meyvələr olmalıdır.
Məktəbə aparılan ara yemək də düzgün seçilməlidir. Meyvə, yoqurt və digər faydalı qidalar uyğun seçimlər hesab olunur.
Gün ərzində əsas içki isə su olmalıdır. Qazlı və şəkərli içkilərin, həddindən artıq şirniyyat və hazır qəlyanaltıların istifadəsi məhdudlaşdırılmalıdır.
Pediatr valideynləri xəstəlik əlamətləri olan uşaqları məktəbə göndərməməyə çağırıb.
Əgər uşağın hərarəti 38°C və ya daha yüksəkdirsə, onun məktəbə aparılması tövsiyə edilmir. Uşaq hərarətsalıcı dərman qəbul etmədən ən azı 24 saat özünü yaxşı hiss etməlidir.
Güclü öskürək, nəfəsalma çətinliyi, xırıltı, ciddi halsızlıq, təkrarlanan qusma və ya ishal zamanı da uşağın evdə qalması və lazım gəldikdə pediatr tərəfindən qiymətləndirilməsi vacibdir.
Gözlərdə irinli axıntı, güclü qızartı və şişkinlik, səbəbi məlum olmayan və yüksək hərarətlə müşayiət olunan səpgilər də məktəbə getməmək üçün əsasdır.
Bundan başqa, güclü qulaq, boğaz və qarın ağrısı uşağın dərsdə iştirakına mane olursa, onun vəziyyəti qiymətləndirilməlidir.
Pediatrın sözlərinə görə, uşağın məktəbə həm fiziki, həm də emosional baxımdan hazır olması onun yeni mühitə daha rahat uyğunlaşmasına imkan verir. Valideynlərin əsas vəzifəsi isə bu keçid dövründə uşağa təzyiq göstərmək deyil, onu dinləmək, dəstəkləmək və sağlam gündəlik rejim formalaşdırmaqdır.