Azərbaycanı yeni miqrasiya dalğası gözləyir? – Politoloqdan AÇIQLAMA

Azərbaycanı yeni miqrasiya dalğası gözləyir? – Politoloqdan AÇIQLAMA
14:30

Dünyanın müxtəlif bölgələrində davam edən müharibə və siyasi qarşıdurmalar miqrasiya proseslərini daha da sürətləndirir. İnsanların təhlükəsiz ölkələrə köçü fonunda miqrasiya artıq təkcə sosial məsələ deyil, həm də iqtisadi və regional təhlükəsizlik mövzusuna çevrilib. Bu proses Azərbaycandan da yan keçmir.

Politoloq İlqar Vəlizadə News365.az-a açıqlamasında bildirib ki, dünyada müşahidə olunan miqrasiya böhranının əsas səbəblərindən biri davam edən münaqişələrdir. Onun sözlərinə görə, müxtəlif ölkələrdən Azərbaycana gələnlərin sayında artım müşahidə olunur və bu tendensiya xüsusilə daşınmaz əmlak bazarında özünü göstərir.

Politoloq qeyd edib ki, son illər Ukrayna, Rusiya, İsrail və İrandan Azərbaycana gələn insanların sayı artıb. Rəqəmlər bəzi digər ölkələrlə müqayisədə yüksək olmasa da, bu prosesin izlərini xüsusilə Bakının daşınmaz əmlak bazarında görmək mümkündür.

“Azərbaycana gələnlər arasında daha çox imkanlı və varlı təbəqənin nümayəndələri diqqət çəkir. Məsələn, ‘Sea Breeze’ yaşayış kompleksində mənzil alanlar arasında israillilərin xüsusi çəkisi var. Eyni zamanda Bakının müxtəlif yaşayış massivlərində Rusiya, Ukrayna və İrandan gələn insanların sayının artdığını müşahidə etmək mümkündür”, – deyə İ.Vəlizadə bildirib.

Onun sözlərinə görə, bəzi ölkələr isə daha böyük miqrasiya axınlarının əsas istiqamətinə çevrilib.

“Ermənistan və Gürcüstana Rusiyadan miqrasiya axını daha çoxdur. Ukraynadan Gürcüstan, Polşa, Slovakiya, Çexiya və Almaniyaya, Rusiyadan isə Qazaxıstana köç halları geniş yayılıb. Venesueladakı proseslər fonunda Kolumbiyaya miqrasiya da artıb”, – politoloq deyib.

İ.Vəlizadə miqrasiyanın yalnız müharibələr və siyasi qarşıdurmalarla bağlı olmadığını da vurğulayıb. Onun sözlərinə görə, Afrikanın bəzi bölgələrində iqlim dəyişiklikləri, quraqlıq və su çatışmazlığı insanları daha əlverişli ərazilərə köçməyə məcbur edir.

Politoloq hesab edir ki, yaxın illərdə qlobal miqrasiya probleminin tamamilə aradan qalxması real görünmür.

“Təəssüf ki, yaxın illərdə miqrant böhranını tam həll etmək mümkün olmayacaq. Bu prosesin Azərbaycana təsiri də qaçılmazdır. Müharibələr daha da şiddətlənərsə, xüsusilə İran ətrafında gərginlik davam edərsə, heç bir ölkə miqrasiya böhranından tam sığortalana bilməz”, – deyə o vurğulayıb.

Politoloqun fikrincə, Azərbaycanın coğrafi mövqeyi də bu məsələdə xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, Azərbaycan ən azı iki münaqişə və gərginlik mənbəyi olan Rusiya və İranla həmsərhəddir.

“Ümid edək ki, yaxın zamanda bu münaqişələr hansısa formada öz həllini tapacaq. Miqrasiya böhranı tamamilə aradan qalxmasa belə, heç olmasa kəskin mərhələdən daha sakit və latent mərhələyə keçə bilər”, – İ.Vəlizadə əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada