Ronaldonun gizli toyundan YENİ DETALLAR

Ronaldonun gizli toyundan YENİ DETALLAR
11:10

Kriştiano Ronaldo və Corcina Rodriges son dərəcə gizli şəkildə ailə qurublar.

News365.az xəbər verir ki, portuqal mediasının məlumatına görə, futbolçunun anası və bacı-qardaşları toy mərasimindən cəmi 30 saniyə əvvəl bundan xəbər tutublar.

Cütlük avqustun 11-də Lissabon yaxınlığında yerləşən, təxminən 30 milyon funt sterlinq dəyərində yeni malikanələrində rəsmi nikaha daxil olub. Qapalı və kiçik mülki mərasimdə yalnız dörd şahid və cütlüyün övladları iştirak edib.

Ronaldonun anası Dolores Aveiro, həmçinin bacıları Katia və Elma, qardaşı Uqo toyda olmayıblar. Portuqaliyalı teleaparıcı Kristina Ferreyra bildirib ki, ailə nikahın keçiriləcəyini hətta mərasim başlamazdan bir neçə saniyə əvvəl öyrəniblər.


“Bu, çoxlu problemlərə səbəb olacaq, çünki ailə orada olmayıb. Onlar hətta bilməli deyildilər. Əgər bilirdilərsə belə, bundan cəmi 30 saniyə əvvəl xəbər tutublar”, - deyə Ferreyra Dois às 10 proqramının efirində bildirib.

Bununla belə, verilişin aparıcısı Klaudio Ramos tələsik nəticələr çıxarmamağa çağırıb. O qeyd edib ki, ailə münasibətləri barədə nəticələr əsasən insanların sosial şəbəkələrdə gördüklərinə əsaslanır.

Ronaldonun anası isə cütlüyü açıq şəkildə təbrik edib. Toy barədə paylaşımın ardından Dolores oğlunun postuna ürək emojisi qoyub. Futbolçunun bacısı Katia da eyni şəkildə reaksiya verib.

Toy mərasimində Corcinanın bacısı İvana Rodriges, Ronaldonun uzunillik dostu Migel Payşau, həmçinin ispaniyalı ər-arvad Xose Rodriges Sanqil və Monika Qonsales Martines şahid qismində iştirak ediblər. Portuqaliya mediasının məlumatına görə, Xose zərgərlik biznesində çalışır.


Nikah mərasimi saat 13:30-da Ronaldonun və Corcinanın Lissabonun nüfuzlu Quinta da Marinha rayonundakı malikanəsində keçirilib. Nikahı rəsmiləşdirmək üçün Portudan xüsusi olaraq qeydiyyatçı Mariya Manuel Ferreyra de Kampos Follyadelа de Oliveyra gəlib.

Toydan bir gün əvvəl cütlük nikah müqaviləsi də imzalayıb. Sənədə əsasən, onlar nikahdan əvvəl əldə etdikləri əmlakın ayrı mülkiyyət rejimində saxlanılmasına qərar veriblər. Müqavilə avqustun 10-da, yəni toy mərasimindən bir gün əvvəl rəsmiləşdirilib.

Ronaldo və Rodriges nişanlandıqlarını elan etdikdən düz bir il sonra evləniblər. Bundan əvvəl cütlük təxminən 10 il münasibətdə olub və beş övlad böyüdüb.

Toydan sonra cütlük artıq Səudiyyə Ərəbistanına qayıdıb. Ronaldo burada çıxışını Al-Nassr klubunda davam etdirir.


Sizin reklam burada
Sizin reklam burada