Almaniyada benzin və dizelin qiymətinin yüksəlməsi fonunda yanacaq oğurluğu hallarının artdığı bildirilir. Bəzi yanacaqdoldurma məntəqələrinin sahibləri oğurluqların qarşısını almaq üçün gecə saatlarında yanacaq aparatlarını bağlamağa başlayıb.
News365.az xəbər verir ki, bu barədə “Bild” Almaniyada yanacaqdoldurma məntəqəsi operatorlarının maraqlarını müdafiə edən assosiasiyaya istinadən məlumat yayıb.
Məlumata görə, yanacaq oğurluğu ilə bağlı hallarda müxtəlif yaş qruplarından olan şəxslərin adı hallanır. Assosiasiyanın nümayəndəsi Herbert Rabl bildirib ki, yanacağın qiyməti litri 2,40 avroya yaxınlaşdıqdan sonra bəzi insanların oğurluq etməkdən çəkinməməsi diqqət çəkir.
“Qiymətlər litri 2,40 avroya yaxınlaşdıqda cinayət törətmək qarşısında psixoloji baryerin aşağı düşdüyü nəzərə çarpır. Bəzi insanlar sadəcə yanacağın pulunu ödəmədən avtomobillə uzaqlaşırlar”, – deyə Rabl bildirib.
Yanacaqdoldurma məntəqələrinin əksəriyyətində videomüşahidə sistemləri quraşdırılmasına və oğurluq edən şəxslərin saxlanılma riskinin yüksək olmasına baxmayaraq, bu hallar davam edir.
Məlumata görə, peşəkar oğrular müəyyən edilməmək üçün oğurlanmış dövlət qeydiyyat nişanlarından istifadə edir və ya avtomobillərinin nömrə nişanlarını gizlədirlər.
Almaniyada bu ay dizel yanacağı və tərkibində 10 faizə qədər bioetanol olan E10 benzininin qiymətləri rekord həddə çatıb.
Yanacağın qiymətinin Almaniyada və Avropanın digər ölkələrində artmasına Bab əl-Məndəb boğazı ətrafında təhlükəsizlik vəziyyətinin pisləşməsi də təsir göstərir. Sözügedən boğaz qlobal enerji daşımaları üçün mühüm marşrutlardan biri hesab olunur.
News365.az