Bakıda mənzil bazarında bahalaşma davam edir. Son bir ildə paytaxtın bütün inzibati rayonlarında mənzillərin qiymətində artım qeydə alınıb.
News365.az xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin son hesablamalarına əsasən, hazırda Bakı üzrə mənzillərin 1 kvadratmetrinin orta qiyməti 2 934 manat təşkil edir.
Ən yüksək orta qiymət Səbail rayonunda qeydə alınıb. Burada 1 kvadratmetr mənzil üçün orta qiymət 4 132 manatdır.
Nərimanovda orta qiymət 3 870 manat, Nəsimidə 3 724 manat, Yasamalda 3 361 manat, Xətaidə isə 3 343 manat təşkil edir.
Digər rayonlarda orta qiymətlər belədir:
- Sabunçu – 3 248 manat/m²
- Nizami – 2 701 manat/m²
- Binəqədi – 2 540 manat/m²
- Qaradağ – 2 028 manat/m²
- Suraxanı – 1 996 manat/m²
- Xəzər – 1 628 manat/m²
- Pirallahı – 1 452 manat/m²
Beləliklə, orta qiymət baxımından Səbail ən bahalı, Pirallahı isə ən münasib rayon olaraq göstərilir.
Maksimum qiymətlərə gəldikdə isə bəzi rayonlarda 1 kvadratmetr üçün 6 min manatdan yuxarı rəqəmlər də qeydə alınıb. Nəsimidə maksimum qiymət 6 546 manat, Səbaildə 6 077 manat, Nərimanovda isə 5 076 manat təşkil edir.
AQC hesablamalarında mənzilin yerləşdiyi ərazi, nəqliyyat əlçatanlığı, tikilinin yaşı və tipi, təmir vəziyyəti, sənədləşmə və infrastruktur kimi amillər nəzərə alınıb.
Ekspertlərin əvvəlki bazar təhlillərinə görə də mərkəzi və mərkəzə yaxın ərazilərdə qiymət artımı kənar rayonlarla müqayisədə daha yüksək olub.
Qeyd edək ki, açıqlanan rəqəmlər rayonlar üzrə orta qiymət göstəriciləridir. Konkret mənzilin satış qiyməti onun yerləşdiyi ərazi, sahəsi, təmiri, mərtəbəsi, binanın yaşı və sənədlərindən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişə bilər.