Qalibafdan ABŞ-a xəbərdarlıq: “İranın nefti dayanarsa, regionun da nefti dayanacaq”

Qalibafdan ABŞ-a xəbərdarlıq: “İranın nefti dayanarsa, regionun da nefti dayanacaq”
13:50

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf Tehranın neft ixracına hər hansı məhdudiyyət tətbiq ediləcəyi təqdirdə bunun region ölkələrinin enerji satışına da təsir göstərə biləcəyini açıqlayıb.

News365.az xəbər verir ki, Qalibaf bu barədə İran parlamentinin açıq iclasında çıxışı zamanı danışıb.

Parlament sədrinin sözlərinə görə, İranın neft satışının qarşısı alınarsa, regiondakı digər ölkələrin də neft ixracı mümkün olmayacaq.

“Bizim neft satmadığımız regionda heç bir başqa tərəf də neft sata bilməyəcək”, – deyə Qalibaf bildirib.

O, həmçinin İranın təhlükəsizliyinin təmin edilməməsinin regiondakı infrastruktur obyektləri üçün də risk yaradacağını vurğulayıb. Qalibaf Tehrana qarşı hərbi müdaxilə və ya təxribat xarakterli addım atılacağı təqdirdə İranın sərt, operativ və dəqiq cavab verəcəyini bildirib.

İran parlament sədrinin açıqlamasını News365.az-a şərh edən politoloq Əli Zülfüqaroğlu hesab edir ki, hazırda tərəflər diplomatik masada güzəştlər əldə etmək üçün bir-birinə qarşı təhdid ritorikasından istifadə edirlər.


Onun sözlərinə görə, qeyri-müəyyənliyin davam etməsi, tərəflərin kompromisdə maraqlı olmaması və qarşılıqlı etimadın olmaması eskalasiya riskini artırır:

“Buna baxmayaraq, hər iki tərəf ilk növbədə diplomatik masada nəticə əldə etməyə üstünlük verir. Bunun üçün isə bütün təzyiq kartlarından istifadə olunur. ABŞ üçün prioritet Hörmüz boğazının açılmasıdır. İran isə de-fakto Hörmüzə nəzarət edir və bu imkanı gələcəkdə hüquqi müstəviyə daşımağa çalışır. ABŞ isə heç bir vəchlə bunu qəbul etmək istəmir”.

Politoloq bildirib ki, Vaşinqtonun İrana qarşı sanksiyaları gücləndirməsi və Hörmüz boğazı ətrafındakı hərbi obyektlərə zərbələr endirməsi Tehrana təzyiq vasitələri kimi qiymətləndirilə bilər.

“Vəziyyət elədir ki, indiki məqamda ABŞ-nin İrana genişmiqyaslı hücumu İranın əks-hücumlarına, nəticədə isə bölgədə proseslərin nəzarətdən çıxmasına gətirib çıxara bilər. Bu da qlobal enerji böhranına və iqtisadi təlatümə yol aça bilər. Bu isə aralıq seçkilərinə hazırlaşan ABŞ hökumətinin maraqlarına cavab vermir”, – deyə Əli Zülfüqaroğlu qeyd edib.

Politoloq hesab edir ki, İrana qarşı tətbiq edilən iqtisadi təzyiqlər də gözlənilən nəticəni tam verməyə bilər.

“İran Oman və digər ölkələrə məxsus şirkətlər vasitəsilə blokadadan yayına bilir. Eyni zamanda coğrafi üstünlüyü İranı sanksiyaların ciddi iqtisadi problemlər yaratmasına baxmayaraq, maksimum nəticədən, yəni çöküşdən sığortalayır”, – deyə o bildirib.

Əli Zülfüqaroğlu İranın bölgədəki neft infrastrukturlarını, eləcə də ABŞ-yə məxsus hərbi və mülki obyektləri hədəf alma imkanının olduğunu da vurğulayıb.

“Əgər yenidən hücum baş verərsə, bölgədə geridönüşü mümkün olmayan proseslər yarana bilər. Nəticədə ABŞ və İran başda olmaqla, bütün dünyada böhran daha da dərinləşə bilər. Bu baxımdan ABŞ ikinci dəfə yanlış qərar verməyə tələsmir”, – politoloq deyib.

Onun sözlərinə görə, ABŞ-də seçkilərə az müddət qalması da Vaşinqtonun mövcud vəziyyətdə daha ehtiyatlı davranmasına səbəb olan amillərdən biri kimi qiymətləndirilə bilər.

“Respublikaçılar Hörmüzdə nəticə əldə etməyə ümidlərini itirdikləri üçün fərqli, daha çox sosial-iqtisadi mahiyyəti özündə ehtiva edən şüarlara üstünlük verirlər. Bu vəziyyət isə onu deməyə əsas verir ki, mövcud status-kvo davam edəcək”, – Əli Zülfüqaroğlu əlavə edib.


Sizin reklam burada
Sizin reklam burada