Fransanı sel basdı: İki departamentdə “qırmızı” həyəcan elan edildi

Fransanı sel basdı: İki departamentdə “qırmızı” həyəcan elan edildi
15:55

Fransanın cənubunda Aralıq dənizindən gələn güclü fırtına leysan yağışlarına və daşqınlara səbəb olub. Ölkənin iki departamentində ən yüksək təhlükə səviyyəsi olan “qırmızı” xəbərdarlıq elan edilib.

News365.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Fransanın Milli Meteorologiya Xidməti (Meteo-France) yerli vaxtla saat 08:00-da Herault və Gard departamentlərində güclü yağış və daşqın təhlükəsi ilə əlaqədar “qırmızı” xəbərdarlıq elan edib.

Bouches-du-Rhone, Lozere və Ardeche departamentlərində isə hava şəraiti ilə bağlı “narıncı” xəbərdarlıq qüvvəyə minib.

Güclü yağışların təsiri ilə Herault çayında suyun səviyyəsi qısa müddətdə kəskin yüksəlib. BFMTV-nin yaydığı məlumatlara görə, çayın səviyyəsi gecə saat 02:00 radələrində 27 santimetr olduğu halda, beş saatdan bir qədər çox müddət sonra 3,34 metrə çatıb.

Hakimiyyət orqanları bildiriblər ki, Sevens bölgəsinə yağan intensiv yağışlar nəticəsində çayın səviyyəsi cəmi iki saat ərzində 2 metrdən çox yüksəlib.

Herault departamentinin Moules-et-Baucels yaşayış məntəqəsində təxminən 140 millimetr yağıntı qeydə alınıb. Bu göstərici həmin ərazidə iki aylıq orta yağıntı miqdarına yaxın olub.

Güclü yağışlar nəticəsində digər çay və su hövzələrində də suyun səviyyəsi sürətlə artıb.

Herault prefekturası təhlükəsizlik məqsədilə aralarında Monpelye, Mauguio, Lunel, Somyerr, Qanj, Set, Klermon-l'Herault və Lodev şəhərlərinin də olduğu səkkiz ərazidə məktəblərin fəaliyyətini dayandırıb.

Departament üzrə ictimai nəqliyyatın hərəkəti də müvəqqəti olaraq dayandırılıb.

Səlahiyyətli qurumlar əhaliyə evlərindən çıxmamaq, zəruri olmayan səfərlərdən çəkinmək və avtomobillərdən istifadə etməmək barədə xəbərdarlıq ediblər.


Sizin reklam burada
Sizin reklam burada