İran rəsmilərinin son dövrlərdə hərbi imkanlar və yeni silah sistemləri ilə bağlı sərt və iddialı açıqlamaları regionda diqqət çəkir. Tehranın bu cür bəyanatlarının real hərbi hazırlıqla yanaşı, siyasi və informasiya məqsədləri də daşıdığı bildirilir.
Politoloq Oqtay İbrahimoğlu hesab edir ki, İranın hərbi rəsmilərinin yeni silahlar barədə mütəmadi olaraq pafoslu açıqlamalar verməsi ilk növbədə ölkə daxilindəki sosial-iqtisadi problemlərdən və beynəlxalq təcriddən diqqəti yayındırmağa yönəlmiş təbliğat üsuludur.
Onun sözlərinə görə, Tehran uzun illərdir hərbi imkanlarını olduğundan daha güclü göstərməyə və bununla Qərbə qarşı psixoloji təzyiq yaratmağa çalışır.
“İran hər zaman öz hərbi imkanlarını qabartmağa, mövcud olandan daha güclü görünməyə və Qərbə qarşı psixoloji təzyiq rıçaqları yaratmağa çalışıb. SEPAH nümayəndələrinin ‘yeni qorxunc silahlar’ hazırladıqlarını deməsi ilk baxışdan hərbi güc nümayişi kimi təqdim olunsa da, əslində bu, daha çox blefə və informasiya müharibəsinə bənzəyir.
Əlbəttə ki, İran müəyyən növ ballistik raketlər, dronlar və yüngül hərbi texnika istehsal etmək imkanına malikdir. Lakin ölkənin uzun illərdir sərt sanksiyalar altında olması fonunda qabaqcıl texnoloji silahlar yaratması və onları kütləvi şəkildə tətbiq etməsi ciddi suallar doğurur”, – politoloq bildirib.
Oqtay İbrahimoğlu qeyd edib ki, ABŞ-nin nüvə sazişindən çıxmasından sonra Tehranın daha aqressiv ritorikaya üstünlük verməsi onun qarşılaşdığı problemlərin miqyasını göstərir.
“İran rəhbərliyi yaxşı başa düşür ki, hərbi qarşıdurma baş verəcəyi təqdirdə onların mövcud texnoloji infrastrukturu müasir qüvvələr qarşısında uzun müddət dözə bilməz. Məhz buna görə də hərbi təhdidlər daha çox daxili auditoriyanı ‘xarici düşmən’ obrazı ətrafında birləşdirmək və rejimin ömrünü uzatmaq üçün istifadə olunan siyasi alətdir”, – deyə ekspert vurğulayıb.
Politoloq Azərbaycanın da regiondakı hərbi-siyasi prosesləri diqqətlə izlədiyini bildirib.
“Azərbaycan üçün qonşuluqda baş verən bu cür qeyri-sabit ritorika və hərbi pafos diqqətlə izlənilir. Rəsmi Bakı hər zaman sərhədlərinin təhlükəsizliyini əsas prioritet hesab edir və istənilən təxribat xarakterli addımlara qarşı adekvat strateji hazırlığa malikdir”, – Oqtay İbrahimoğlu əlavə edib.
News365.az