Bakıda sürücülərin ən çox etdiyi qayda pozuntuları – diqqət çəkən statistika

Bakıda sürücülərin ən çox etdiyi qayda pozuntuları – diqqət çəkən statistika
21:00

Bakının yollarında sürücülər tərəfindən müxtəlif yol hərəkəti qaydalarının pozulması halları müşahidə olunur. Xüsusilə mobil telefondan istifadə, zolaq qaydalarının pozulması, yüksək sürət və ara məsafəsinin düzgün saxlanılmaması diqqət çəkir.


News365.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin məlumatına əsasən, 2026-cı ilin əvvəlindən sükan arxasında mobil telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb. Dövlət Yol Polisi sürücüləri bu vərdişin diqqəti yayındırdığı və qəza riskini artırdığı barədə xəbərdar edib.


Paytaxt yollarında rast gəlinən digər problemlərdən biri isə sol zolağın düzgün istifadə edilməməsidir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, bəzi sürücülər sağ zolaq boş olduğu halda sol zolaqda hərəkət edirlər.


İntensiv hərəkət zamanı bəzi sürücülərin digər avtomobillərdən yol tələb etmək məqsədilə uzaq işıqları ardıcıl şəkildə yandırıb-söndürməsi, yüksək sürətlə hərəkət etməsi və təhlükəsiz ara məsafəsini saxlamaması da müşahidə olunur.


Sürücülərin yol hərəkəti qaydalarını pozması yalnız inzibati məsuliyyət yaratmır, bəzi hallarda ağır qəzalara da səbəb ola bilər. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-iyun aylarında Azərbaycanda 533 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bu hadisələr nəticəsində 285 nəfər ölüb, 404 nəfər xəsarət alıb. Qəzaların 83,7 faizi yaşayış məntəqələrində baş verib.


Statistikaya görə, həmin dövrdə qəzaların 43,9 faizi nəqliyyat vasitəsi ilə piyadanın iştirakı, 36 faizi isə bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.


Mütəxəssislər sürücülərə avtomobil idarə edərkən telefondan istifadə etməmək, sürət həddinə riayət etmək, zolaq dəyişərkən diqqətli olmaq və qarşıdakı nəqliyyat vasitəsi ilə təhlükəsiz məsafə saxlamaq barədə xəbərdarlıq edirlər.


Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəsmi saytında yol hərəkəti qaydaları, inzibati məsuliyyət və müxtəlif qayda pozuntuları ilə bağlı məlumatlar dərc olunur.


Sizin reklam burada
Sizin reklam burada