Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında sülh sazişinin əldə olunmasında mühüm rol oynadığını bildirib.
News365.az xəbər verir ki, bu barədə ABŞ-ın The Floridian nəşri məlumat yayıb.
Məlumata görə, Şuşada keçirilən IV Qlobal Media Forumu çərçivəsində çıxış edən Prezident İlham Əliyev Donald Tramp administrasiyasının sülh prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Nəşrin yazdığına görə, Breitbart News-un araşdırmaçı jurnalisti Coşua Klayn Prezident İlham Əliyevdən Donald Trampın əvvəlki ABŞ administrasiyalarından, xüsusilə Co Bayden administrasiyasından fərqli olaraq Azərbaycan və Ermənistan arasında sülh prosesinə hansı töhfəni verdiyini soruşub.
Prezident İlham Əliyev cavabında bildirib ki, Trampın yanaşması sələflərindən köklü şəkildə fərqlənib.
“Prezident Trampın yanaşması tamamilə fərqli idi. O, sülhü sevən insandır. O, özünün də dediyi kimi, bir çox münaqişələrdə sülhə nail olub. Bu, onun xarakteri, baxışı və siyasətidir. Bizim vəziyyətimizdə də onun rolu çox vacib idi”, - deyə dövlət başçısı bildirib.
Prezident İlham Əliyevin sözlərinə görə, Donald Tramp sülh sazişi üzrə danışıqların yekun mərhələsində mühüm rol oynayıb.
“Prezident Tramp və komandası prosesə qoşuldu və elə bir çərçivə yaratdı ki, sülh mümkün oldu. Onlar sülhlə bağlı narahatlıqlarımızı tam başa düşdülər”, - deyə Prezident əlavə edib.
The Floridian yazır ki, Prezident İlham Əliyev Ağ Evdə Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanla keçirilən tarixi görüşə də toxunub və həmin görüşdə sülh sazişinin əldə olunduğunu xatırladıb.
Nəşr, həmçinin ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mastın fikirlərinə də yer verib. O bildirib ki, Donald Trampın xarici siyasətdə əvvəlki administrasiyalardan əsas fərqi dünya liderlərinin onun mövqeyinin qəti olduğuna inanmasıdır.
Məqalədə qeyd olunur ki, Donald Tramp 2025-ci ilin avqustunda ABŞ-ın Azərbaycana birbaşa yardımını məhdudlaşdıran Azadlığa Dəstək Aktının 907-ci düzəlişini ləğv edib.