İlin son tutulması baş verir: Ay tutulması Azərbaycanda görünəcəkmi?

İlin son tutulması baş verir: Ay tutulması Azərbaycanda görünəcəkmi?
09:10

2026-cı ilin son tutulma hadisəsi avqustun 28-də baş verəcək. Səma hadisəsi qismən Ay tutulması olacaq. Lakin Azərbaycanda bu astronomik hadisəni müşahidə etmək demək olar ki, mümkün olmayacaq.

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından bildirilib ki, tutulma saat 05:23-də başlayacaq və 11:01-də başa çatacaq.

Qismən Ay tutulması zamanı Yerin kölgəsi Ayın yalnız bir hissəsini örtür. Bu hadisə Ayın Yer ətrafındakı orbitinin Yerin Günəş ətrafındakı orbit müstəvisi ilə üst-üstə düşməməsi ilə bağlıdır. İki orbit arasında təxminən 5 dərəcəlik meyillik olduğundan Ay hər tam Ay fazasında Yerin kölgəsinə düşmür.

Ay tutulmasının baş verməsi üçün Ay, Yer və Günəşin uyğun şəkildə eyni xətt üzərində yerləşməsi tələb olunur. Bu səbəbdən belə hadisələr hər ay deyil, yalnız müəyyən astronomik şərait yarandıqda müşahidə edilir.

Azərbaycanda tutulmanı görmək çətin olacaq

Rəsədxananın məlumatına görə, avqustun 28-də Azərbaycanda saat 05:35-dən etibarən mülki alaqaranlıq başlayacaq. Bu zaman Ay hələ üfüqdən yuxarıda olacaq. Lakin tutulmanın başlamasından cəmi 12 dəqiqə sonra havanın işıqlanması hadisənin müşahidəsini çətinləşdirəcək.

Üstəlik, həmin vaxt tutulmanın yarımkölgəli mərhələsi davam edəcək. Bu mərhələ adi gözlə çox zəif seçilir və əsasən Ayın parlaqlığının cüzi azalması ilə müşahidə olunur.

Tutulma Avropa, Afrika, Şimali və Cənubi Amerika ilə yanaşı, Sakit, Atlantik və Hind okeanlarının müəyyən hissələrindən müşahidə ediləcək.

Qeyd edək ki, 2026-cı ildə ümumilikdə dörd tutulma hadisəsi baş verib. Onlardan ikisi Günəş, ikisi isə Ay tutulması olub və bu hadisələrdən heç biri Azərbaycan ərazisindən müşahidə edilməyib.

2027-ci il isə tutulmalar baxımından daha zəngin olacaq. Gələn il iki Günəş və üç Ay tutulması olmaqla, ümumilikdə beş tutulma hadisəsi baş verəcək.

Onlardan fevralın 21-dəki yarımkölgəli Ay tutulması və avqustun 2-dəki tam Günəş tutulması Azərbaycandan müşahidə edilə biləcək. Avqustda baş verəcək Günəş tutulması ölkəmizin tam kölgə zolağında yerləşməməsi səbəbindən Azərbaycan ərazisindən qismən Günəş tutulması kimi görünəcək.


Sizin reklam burada
Sizin reklam burada