İrəvan bir tərəfdən üzünü Qərbə çevirir, digər tərəfdən isə illərdir bağlı olduğu Moskva ilə bütün körpüləri yandırmağa tələsmir. Ermənistanın siyasi kursundakı bu ikili xətt Paşinyan hökumətinin qarşıdakı dövrdə hansı istiqamətdə hərəkət edəcəyi ilə bağlı sualları artırır.
News365.az xəbər verir ki, Ermənistan hökuməti son dövrlərdə Qərbə inteqrasiya kursunu daha qabarıq şəkildə nümayiş etdirir. Lakin siyasi bəyanatlarla yanaşı, İrəvanın Rusiya ilə mövcud iqtisadi və təhlükəsizlik əlaqələrindən tamamilə imtina etməməsi də diqqətdən yayınmır.
Məsələ ilə bağlı News365.az-ın suallarını cavablandıran politoloq Əli Oruclu bildirib ki, Ermənistan Rusiya ilə qarşıdurma görüntüsü yaratsa da, arxa planda Moskva ilə iqtisadi və təhlükəsizlik əlaqələrini qoruyur.
Politoloqun sözlərinə görə, İrəvan Rusiyanın patronajlığı altında fəaliyyət göstərən təşkilatlarda, xüsusilə iqtisadi strukturlarda iştirakın əhəmiyyətini anlayır. Bu baxımdan Ermənistanın qarşısında həm Qərbə yaxınlaşmaq, həm də mövcud təhlükəsizlik mexanizmlərini qorumaq arasında seçim problemi dayanır.
“Ermənistan Rusiyanın patronajlığı qurulan təşkilatlarda, xüsusən iqtisadi strukturlarda qalmağın vacibliyini dərk edir. Ermənistan istəsə də, istəməsə də iqtisadi cəhətdən və təhlükəsizlik baxımından bu gün Rusiyaya, onun rəhbərlik etdiyi qurumlara ciddi ehtiyacı var. KTMT də burada xüsusi önəm daşıyır”, - deyə Əli Oruclu bildirib.
Ekspert hesab edir ki, Ermənistanın KTMT ilə münasibətlərini dondurması da daha çox manevr imkanlarını genişləndirmək və Qərbə yönəlmiş siyasətinin ciddiliyini nümayiş etdirmək cəhdi kimi qiymətləndirilə bilər. Onun fikrincə, bu vəziyyətin uzun müddət davam etməsi isə çətin görünür.
Əli Oruclu bildirib ki, KTMT-nin digər üzvləri də Ermənistandan mövqeyini dəqiqləşdirməsini tələb edir. Rusiya isə daha əvvəl İrəvan qarşısında hansı yolu seçəcəyinə dair referendum keçirmək məsələsini gündəmə gətirib. Buna baxmayaraq, Ermənistan hökuməti hələlik qəti seçim etməkdən çəkinir.
Politoloqun qənaətinə görə, Paşinyan hökuməti nə Qərbyönümlü siyasətdən geri çəkilmək, nə də Rusiyanın formalaşdırdığı təhlükəsizlik çətirindən birdəfəlik imtina etmək niyyətindədir. Bu isə Ermənistanın xarici siyasətindəki ziddiyyətli xəttin hələ bir müddət davam edəcəyini göstərir.