Təbiətə vurulan zərər bir anda yaranmır: istehsalın artması, resurslardan həddindən artıq istifadə, tullantıların çoxalması və atmosferə atılan emissiyalar illər ərzində ekoloji tarazlığı zəiflədir. Bu səbəbdən ətraf mühitin qorunması artıq yalnız ekoloqların deyil, dövlətlərin və cəmiyyətin qarşısında dayanan əsas məsələlərdən biridir.
News365.az-ın məlumatına görə, Azərbaycanda da ekoloji təhlükəsizliyin təmin edilməsi, təbii sərvətlərdən səmərəli istifadə və ətraf mühitin mühafizəsi istiqamətində müxtəlif layihə və proqramlar həyata keçirilir. Bəs görülən işlərlə yanaşı, hansı istiqamətlərə daha çox diqqət yetirilməlidir?
Ekoloq Sevil Yüzbaşayeva saytımıza açıqlamasında bildirib ki, son yüzillikdə iqtisadiyyatın, xüsusilə sənayenin sürətli inkişafı insan fəaliyyətinin təbiətə təsirini əhəmiyyətli dərəcədə artırıb. Onun sözlərinə görə, təbii ehtiyatların həddindən artıq istismarı, suyun, torpağın və atmosfer havasının çirklənməsi artıq qlobal xarakter daşıyan problemlərdəndir.
Ekoloq qeyd edib ki, Azərbaycanda ətraf mühitin mühafizəsi dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Bu sahədə ekoloji təhlükəsizliyin təmin edilməsi, biomüxtəlifliyin qorunması və təbii sərvətlərdən səmərəli istifadəyə yönəlmiş tədbirlər həyata keçirilir.
Yüzbaşayevanın sözlərinə görə, bu istiqamətdə “Ətraf mühitin mühafizəsi haqqında” qanunla yanaşı, müxtəlif dövlət proqramları və strateji sənədlər də mühüm rol oynayır. O bildirib ki, ətraf mühitin qorunması ilə bağlı tədbirlər sırasında meşələrin mühafizəsi, yaşıllaşdırma işlərinin genişləndirilməsi, su ehtiyatlarından səmərəli istifadə və ekoloji təhlükəsizliyin gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
İqlim dəyişikliyi yeni risklər yaradır
Ekoloq müasir dövrün ən ciddi ekoloji çağırışlarından birinin iqlim dəyişmələri olduğunu vurğulayıb. Onun fikrincə, istixana qazlarının emissiyalarının artması atmosferin və yer səthinin əlavə istiləşməsinə səbəb olur, bu isə ekosistemlərə və canlı aləmə təsirləri gücləndirir.
“Azərbaycan dövləti milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması və iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Ekoloji tarazlığın və ətraf mühit təhlükəsizliyinin qorunması üçün meşələrin mühafizəsi, genişmiqyaslı yaşıllaşdırma işləri və təbii ərazilərin qorunmasına yönələn layihələrin davam etdirilməsi vacibdir”, - deyə Sevil Yüzbaşayeva bildirib.
Azərbaycanın meşə ehtiyatları da diqqət mərkəzindədir
Ekoloq Azərbaycanın meşə örtüyü ilə bağlı göstəricilərin də xüsusi diqqət tələb etdiyini deyib. Onun sözlərinə görə, XVII-XIX əsrlərdə indiki Azərbaycan ərazisinin təxminən 35 faizi meşələrlə örtülü olub. Hazırda isə meşələrin ümumi sahəsi 989,4 min hektardır və bu, ölkə ərazisinin 11,4 faizini təşkil edir.
Yüzbaşayeva qeyd edib ki, Azərbaycanda adambaşına düşən meşə sahəsi təxminən 0,12 hektardır və bu göstərici dünya üzrə orta rəqəmdən xeyli aşağıdır.
Onun fikrincə, ekoloji siyasətin effektivliyi yalnız yeni yaşıllıq sahələrinin yaradılması ilə deyil, mövcud meşələrin qorunması, su və torpaq ehtiyatlarının düzgün idarə olunması, tullantıların azaldılması və cəmiyyətin ekoloji məsuliyyətinin artırılması ilə də ölçülməlidir.