"Paşinyanın konstitusiya dəyişikliyi Ermənistanın daxili və xarici siyasətinə təsir göstərə bilər".
Politoloq Züriyə Qarayeva News365.az-a açıqlamasında bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyanın konstitusiya dəyişikliyi ilə bağlı açıqlamaları həm daxili siyasi gündəmi formalaşdırmaq, həm də hakimiyyətini uzunmüddətli perspektivdə möhkəmləndirmək niyyətinin siqnalıdır.
Qarayeva vurğulayıb ki, Paşinyan prosesi “demokratiyanın güclənməsi” kimi təqdim etsə də, ölkədəki siyasi qütbləşmə, müxalifətin zəifləməsi və Qarabağdan sonrakı legitimlik böhranı fonunda bu addım daha çox siyasi arxitekturanın yenidən qurulmasına yönəlir. Xüsusilə hakimiyyət sistemi, səlahiyyət bölgüsü və təhlükəsizlik məsələlərinin yenidən formalaşdırılması Paşinyanın siyasi manevr imkanlarını artırmaq məqsədinə xidmət edir.
Eyni zamanda Qarayeva qeyd edib ki, konstitusiya dəyişikliyi Ermənistanın xarici siyasət kursuna da təsir göstərə bilər. Paşinyan ölkəni Rusiya təsirindən uzaqlaşdırmaq və Qərbə inteqrasiyanın hüquqi-siyasi əsaslarını genişləndirmək niyyətindədir. Yeni Konstitusiya bu məqsədlərə uyğun hazırlanarsa, regional balans dəyişə, Rusiya ilə münasibətlərdə gərginlik yarana və Cənubi Qafqazda yeni geosiyasi dinamika formalaşa bilər.
Politoloq əlavə edib ki, Paşinyanın açıqlaması təkcə hüquqi yenilənmə deyil, həm də Ermənistanın gələcək siyasi kursunun mühüm göstəricisidir.