Abşeron
rayonuna iqtisadi potensialına görə “ikinci Bakı” deyirlər. Çünki bu rayonun əraziləri
paytaxtın içərilərinə doğru girib. Hətta Binəqədi, Xətai və digər rayonların ərazisindəki
zeytun bağları da Abşeron rayonunun ərazisi hesab edilir. Hələ Sabunçu,
Suraxanı, Binəqədi, Xəzər və digər Bakı rayonlarının torpaqlarını demirik. Bakının
12 rayonundan 8-nin Abşeron rayonundan bu və digər şəkildə asılılığı var.
Bütün
bunlarsa böyük imkanlar və biznes deməkdir. Təsadüfi deyil ki, 2022-ci ildən
Abşeron rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Abdin Fərzəliyev bu
biznesin başında dayanıb. Onun 3 illik fəaliyyəti heç nə ilə yadda qalmayıb. Bir
zamanlar Zakir Fərəcovun təşəbbüsü ilə abadlaşan rayon bu gün baxımsızlıq üzündən sosial problemlər cəngindən çıxa
bilmir. Üstəlik rayonda xaotik bir mənzərə yaranıb. Rayonun bütün qəsəbələrində
və Xırdalan şəhərində bütün boş ərazilər nəzarətə götürülüb. Xırdalanda tikinti
aparmaq üçün yeni qiymət də müəyyənləşib. Sabiq başçı İradə Gülməmmədovanın
dövründə birmərtəbəli evin tikintisi 3-5 min manat arası idisə, indi
tikinti üçün 7-10 min manat tələb
olunur.
Gah yaşıllıq
salınması, gah şəhid evinin olduğu küçəyə asfalt döşəməsi xəbərləri ilə gündəmə
gələn, görülən bu kiçik işləri gözə soxaraq reklam edən A. Fərzəliyev, əslində
qol qoyduğu özbaşınalıqları malalamağa, ört-basdır etməyə çalışır. İcra başçısı
fikirləşir ki, yuxarıların, mətbuatın bu yolla xoşuna gələcək. Amma Abşeron
rayonunda tikinti alverindən tutmuş torpaq satmağa qədər bütün rüşvətxorluq
sistemini qüvvədə saxlayan icra başçısı keçmiş həmkarı İradə Gülməmmədovanın
qoyub getdiyi qaydaları dəyişməyib. Sadəcə, dəyişən rəqəmlər, rüşvətin qiymətidir.
Habelə, ötən müddətdə KİV-də yayımlanan xəbərlər də neqativ tondadır və məlum
olur ki, icra başçısı hər hansı ciddi islahat aparmayıb. Misal üçün Abşeron
rayonu, Xırdalan şəhərində “Köhnə statistika” adlandırılan ərazidə məskunlaşan
məcburi köçkünlərbinadan çıxarılıb, yaşadıqları tikili və ərazi rayon icra
hakimiyyətinin başçısı Abdin Fərzəliyev tərəfindən “SAS 2015” MTK şirkətinə
satılıb.
Başqa bir xəbərdə deyilir ki, Masazır və digər ərazilərdə torpaq satışı da, ev
tikintisi rüşvət alınması da necə var davam edir. Sadəcə, indi 3 min yox, 5 min
rüşvət tələb olunur.
Bütün çirkli
işlərsə Abşeron Rayon İcra Hakimiyyətində baş məsləhətçi vəzifəsini icra edən
Nurlan Həsənovun əli ilə həyata keçirilir.
Təsadüfi
deyil ki, bir müddət əvvəl Abşeron Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat
zamanı rayon icra hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə
orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Mirqasım Mirişli saxlanılıb. Bu şəxs,
2014-cü ildən Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin
baş məsləhətçisi vəzifəsində işləyib.Məhkəmə iclasında o bir sıra maraqlı
etiraflar edib:
"Bir nəfər
şəxs mənə zəng edərək, özünəməxsus torpaq sahəsində konstruksiya yerləşdirmək
istədiyini bildirdi. Azər Gülməmmədovla danışdım, Azər dedi ki, 30 min manat
istə. Həmin şəxsə dedim ki, sənədləri götür, gəl yanıma. Yanına gəldi, sənədləri
təqdim etdi. Baxdım ki, onun torpaq sahəsinə dair çıxarışı və tikilinin eskiz
layihəsi var. Bütün sənədlər olduğuna görə konstruksiya quraşdırmasında heç bir
problem olmayacaqdı. Ondan 30 000 manat istədim. O, 25 min manat düzəldə biləcəyini
dedi və razılaşdıq. Azər dedi ki, Abdin Fərzəliyevdən şifahi razılıq alacağam.
Pulu
dostumdan xahiş etdim, o götürdü. Həmin şəxsə demişdim ki, guya pulu almağa
göndərdiyim şəxs icra başçısı Abdin Fərzəliyevin qohumudur. Əslində isə həmin şəxs
mənim dostum idi, icra başçısı ilə heç bir qohumluğu yox idi".
Təqsirləndirilən
şəxs ifadəsində bildirib ki, alınan pullar Abdin Fərzəliyevə çatıb. Tıqsirləndirilən
şəxs məhkəmədə daha bir sensasion fikir səsləndirib:
"Abdin
Fərzəliyev atamı qəbul edib və bildirib ki, cinayət əməlini oğlun öz üzərinə
götürsün, buna görə ona köməklik göstərəcəyəm.
Pulun
alınmasında mən yalnız vasitəçilik etmişəm. Alınan pul Azərə çatası idi.
Torpağın təyinatı, rəsmi icazəsi icra hakimiyyətində olmadığı üçün Azər pulu
alıb, Abşeronun icra başçısı Abdin Fərzəliyevə verəcəkdi.
Mənim
telefonunda sübutlar var. Mənə heç kəs heç nəyi həvalə etməmişdi. İcra hakimiyyəti
ilə əlaqəli işləmişəm. Pulu Azərə çatdırması üçün Bəhruza vermişəm. Torpaq sahəsində
tikintiyə göz yumulması üçün 25 000 manat verilib. O puldan mənə bir manat da
qalmayıb.
1 ildir ki,
ailəmə baxan yoxdur. Atam ürək xəstəsidir, icra hakimiyyətinin başçısı Abdin Fərzəliyev
isə verdiyi vədə əməl etmədi".
Məhkəmənin
hökmü ilə M.Mirişli 1 il 6 ay dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər
və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə beş il azadlıqdan məhrum
olunsa da Abdin Fərzəliyevə “gözünün üstündə qaşın var” deyən olmadı.
Və bu gün də
Abdin Fərzəliyev rayonun abadlığı, sosial-iqtisadi problemləri ilə yox, öz
biznes imkanlarını genişləndirməklə məşğuldur.
News365.az