Son günlər Ukrayna ətrafında aparılan sülh danışıqları beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Vaşinqton, Brüssel və London xəttində paralel şəkildə gedən müzakirələr Qərb daxilində ciddi fikir ayrılıqlarının olduğunu üzə çıxarıb. Uzun müddətdir üzərində işlənən 28 maddəlik sülh sənədinin hazırda 20 maddəyə endirilməsi danışıqların nə qədər çətin keçdiyini göstərir.
Politoloq Əli Mustafa News365.az-a açıqlamasında bildirib ki, Ukrayna ilə bağlı danışıqlar prosesində ciddi fikir ayrılıqları yaşanır və hazırkı 28 maddəlik sülh sənədi artıq 20 maddəyə endirilib.

Onun sözlərinə görə, mövcud layihə daha çox Ukraynanın mövqeyini əks etdirir, bu isə Moskva tərəfindən qəbul olunmur.
Əli Mustafa qeyd edib ki, ABŞ prezidenti Donald Trampın mövqeyi Avropa İttifaqı liderlərində narahatlıq yaradıb. Avropa liderləri həm Brüsseldə keçirilən görüşlərdə, həm də Londondakı üçtərəfli müzakirələrdə Vaşinqtondan təhlükəsizlik təminatları tələb ediblər.
Politoloqun sözlərinə görə, Trampın təklif etdiyi variant Ukraynanın müəyyən əraziləri Rusiyaya verməsi müqabilində ABŞ-ın təhlükəsizlik zəmanətləri verməsi ideyasına əsaslanır. “Ukrayna bu şərtlə qəti razı deyil. Hətta belə bir təəssürat var ki, Tramp konkret olaraq həmin ərazilərin Rusiyaya verilməsini tələb edir”, – o bildirib.
Əli Mustafa əlavə edib ki, Zelenski ABŞ rəsmiləri – Oytkovan, Kuşner və digər nümayəndələrlə bir sıra danışıqlar aparsa da, tərəflər arasında yekun razılıq əldə olunmayıb. Avropa İttifaqı isə Brüsseldə keçirilən görüşlərdə Ukraynanı dəstəkləməkdə qərarlı olduqlarını bir daha bəyan edib.
Politoloq vurğulayıb ki, gedən müzakirələr nəticəsiz qalır və tərəflərin mövqeləri hələlik yaxınlaşmır.