Səhiyyə Nazirliyi bildirir ki, tibb işçilərinin sertifikasiyası bir çox ölkələrdə uzun illərdir tətbiq olunan standart praktika hesab olunur.
News365.az xəbər verir ki, Nazirliyin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzinin Sertifikasiya şöbəsinin müdiri Şərafət İsmayılova bildirib ki, fərqli ölkələrdə bu proses müxtəlif formalarda həyata keçirilir.
Onun sözlərinə görə, bəzi dövlətlər akkreditasiyanı, digərləri sertifikatlaşdırmanı həyata keçirir, bəzilərində isə davamlı peşəkar inkişaf üçün kredit ballarının toplanması sistemi mövcuddur.
Ş.İsmayılova vurğulayıb ki, Azərbaycanda həm sertifikat, həm də imtahan yolu ilə tibb işçilərinin peşə yararlılığı qiymətləndirilir və bu sistem unikal mexanizmə malikdir:
“Əgər tibb işçisi bilik və bacarıqlarını davamlı artırırsa, bu fəaliyyət onun peşəkar inkişaf ballarında əks olunur və nəticədə sertifikatın avtomatik yenilənməsi mümkün olur”, – deyə o əlavə edib.
O həmçinin qeyd edib ki, dünyanın bir çox ölkəsində oxşar sistem tətbiq olunur: Almaniyada həkimlər hər il 250 kredit balı toplamalıdır, ABŞ-də isə Ailə Həkimləri Assosiasiyası üzvləri 2 il ərzində 100 kredit balı qazanmalıdır. Ş.İsmayılova bildirib ki, fərqli qaydalar olsa da, əsas məqsəd tibbi personalın davamlı peşəkar inkişafını təmin etməkdir.
News365.az